Acts (14/28)  

1. Konyada Paulla Barnaba Yəhudilərin sinaqoquna birlikdə daxil olub elə danışdılar ki, həm Yəhudilərdən, həm də Yunanlardan ibarət böyük kütləni imana gətirdilər.
2. Amma inanmayan Yəhudilər başqa millətlərdən olanları qızışdıraraq onları imanlıların əleyhinə qaldırdılar.
3. Xeyli vaxt orada qalan Paulla Barnaba cəsarətlə Rəbb haqqında danışırdı. Rəbb isə onlara əlamət və xariqə göstərmək gücünü verməklə Öz lütfü barədə kəlamı təsdiqlədi.
4. Amma şəhər əhalisi iki hissəyə bölündü. Bəziləri Yəhudilərin, bəziləri isə həvarilərin tərəfini saxladı.
5. Yəhudilərlə başqa millətlərdən olanlar və onların rəhbərləri həvariləri təhqir edərək daşqalaq etmək üçün bir sui-qəsd hazırladı.
6. Bundan xəbər tutan bu həvarilər Likaoniyanın Listra ilə Derbe şəhərlərinə və oranın ətraf yerlərinə qaçdılar.
7. Orada da Müjdəni yaydılar.
8. Listrada ayaqlarından şikəst olan bir kişi var idi. Bu adam anadangəlmə əlil idi, heç vaxt yeriməmişdi.
9. O, Paulun dediklərinə qulaq asırdı. Ona göz qoyan Paul gördü ki, sağalacağına imanı var.
10. Ona görə bərkdən dedi: «Qalx, ayaq üstə dur!» Bu adam yerindən atılıb yeriməyə başladı.
11. Camaat Paulun etdiyini görəndə haray salıb Likaoniya dilində dedi: «Tanrılar insan şəklində yanımıza gəlib!»
12. Barnabaya Zevs, Paula isə aparıcı natiq olduğuna görə Hermes dedilər.
13. Şəhərin qarşısında yerləşən Zevs məbədinin kahini şəhər darvazalarına buğalar və çələnglər gətirdi. O, camaatla birgə qurban kəsmək istədi.
14. Amma həvarilər – Barnaba ilə Paul bunu eşidən kimi paltarlarını cırdılar və izdihamın içinə girib haray çəkdilər:
15. «Ay ağalar, niyə belə edirsiniz? Biz də sizin kimi insanıq, eyni varlığıq. Sizə Müjdə gətirmişik. Əl çəkin bu boş şeylərdən. Yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan, var olan Allaha tərəf dönün.
16. O, əvvəlki nəsillərin dövründə yaşayan bütün millətlərə öz yolları ilə getməyə izin verdi.
17. Lakin yenə də Özünü şahidsiz qoymadı. Sizə yaxşılıq edərək göydən yağışlar yağdırır, cürbəcür məhsullar yetişdirən fəsillər bəxş edir, sizi yeməklə doydurur və ürəyinizi sevincə qərq edir».
18. Bu sözlərlə camaatın onlara qurban kəsməsinin qarşısını bir çətinliklə aldılar.
19. Antakya və Konyadan bəzi Yəhudilər gəlib xalqı öz tərəfinə çəkərək Paulu daşqalaq etdilər. Elə bildilər ki, Paul ölüb, onu şəhərdən kənara sürüdülər.
20. Şagirdlər ətrafına yığılanda isə Paul ayağa qalxıb şəhərə qayıtdı. Ertəsi gün isə Barnaba ilə birlikdə Derbeyə getdi.
21. O şəhərdə də Müjdə yayıb xeyli şagird hazırladılar. Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyada olan Antakyaya qayıtdı.
22. Şagirdləri ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirərək dedilər: «Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik».
23. İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər.
24. Pisidiya bölgəsindən keçərək Pamfiliyaya gəldilər.
25. Pergedə kəlamı yayandan sonra Antalyaya getdilər.
26. Oradan gəmi ilə Suriyadakı Antakyaya qayıtdılar. Onların indi yerinə yetirdikləri xidmət üçün burada Allahın lütfünə əmanət edilmişdilər.
27. Oraya çatanda cəmiyyəti bir yerə yığıb Allahın onlar vasitəsilə nə etdiyini, başqa millətlərə iman qapısını necə açdığını söylədilər
28. və şagirdlərin yanında uzun müddət qaldılar.

  Acts (14/28)