| ← Acts (11/28) → |
| 1. | Həvarilərlə bütün Yəhudeyadakı imanlı bacı-qardaşlar eşitdilər ki, başqa millətlər də Allahın kəlamını qəbul ediblər. |
| 2. | Peter Yerusəlimə gələndə sünnət tərəfdarları onu tənqid edərək |
| 3. | dedilər: «Sən sünnətsizlərin evinə gedib onlarla birgə yemək yemisən». |
| 4. | Peter sözə başlayıb onlara hər şeyi bir-bir izah etdi: |
| 5. | «Mən Yafo şəhərində dua edirdim. Birdən fikrimi görüntü apardı. Gördüm ki, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq göydən enib mənim yanıma çatır. |
| 6. | Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var. |
| 7. | Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!” |
| 8. | Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”. |
| 9. | Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”. |
| 10. | Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi. |
| 11. | Elə bu zaman Qeysəriyyədən mənim yanıma göndərilən üç kişi qaldığımız evin qapısında dayandı. |
| 12. | Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nəfər də mənə qoşulub həmin kişinin evinə girdik. |
| 13. | Bu adam bizə nəql etdi ki, öz evində dayanan mələk görüb. Mələk ona demişdi: “Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. |
| 14. | Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də bütün külfətin xilas olacaq”. |
| 15. | Mən sözə başlayanda Müqəddəs Ruh başlanğıcda bizim üstümüzə endiyi kimi onların da üstünə endi. |
| 16. | Onda Rəbbin dediyi bu sözlər yadıma düşdü: “Yəhya su ilə vəftiz etdi, amma siz Müqəddəs Ruhla vəftiz olacaqsınız”. |
| 17. | Beləliklə, Rəbb İsa Məsihə iman edən bizlərə verdiyi eyni bəxşişi Allah onlara da veribsə, mən kiməm ki, Allaha qarşı çıxam?» |
| 18. | Bu sözləri eşidib hamı sakitləşdi və Allahı izzətləndirib dedi: «Deməli, Allah başqa millətlərə də imkan yaratdı ki, tövbə edib həyat tapsın». |
| 19. | Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdilər. Allahın kəlamını yalnız Yəhudilərə dedilər. |
| 20. | Amma onların arasından bəzi Kiprli və Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. Onlara Rəbb İsa ilə bağlı Müjdəni yayırdılar. |
| 21. | Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü. |
| 22. | Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər. |
| 23. | O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar. |
| 24. | Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi. |
| 25. | Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı. |
| 26. | Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı. |
| 27. | Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi. |
| 28. | Bunlardan Aqab adlı biri qalxıb Ruhun təsiri ilə bütün dünyada böyük bir aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyəti dövrünə təsadüf olundu. |
| 29. | Şagirdlər qərara aldılar ki, hər biri gücü çatan qədər Yəhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin. |
| 30. | Bu qərara əməl edərək yardımları Barnaba və Şaulun əli ilə cəmiyyət ağsaqqallarına göndərdilər. |
| ← Acts (11/28) → |