| ← Acts (10/28) → |
| 1. | Qeysəriyyədə Korneli adlı bir nəfər yaşayırdı. O, İtaliyalı adlı alayın yüzbaşılarından biri idi. |
| 2. | Həm özü, həm də bütün külfəti mömin olub Allahdan qorxardı. O, xalqa çox nəzir-niyaz paylayar, daim Allaha dua edərdi. |
| 3. | Bir gün təxminən doqquzuncu saat radələrində görüntüdə aydın gördü ki, Allahın bir mələyi yanına gəlib onu çağırdı: «Ey Korneli!» |
| 4. | Korneli qorxa-qorxa ona baxıb dedi: «Nədir, ey ağam?» Mələk ona dedi: «Duaların və nəzir-niyazların xatirə təqdimi kimi Allahın hüzurunda qəbul olundu. |
| 5. | İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. |
| 6. | O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır». |
| 7. | Onunla danışan mələk gedəndən sonra Korneli xidmətçilərindən ikisini və mühafizəçilərindən bir mömin əsgəri çağırtdırdı. |
| 8. | Onlara hər şeyi danışdı və sonra onları Yafoya göndərdi. |
| 9. | Ertəsi gün təxminən altıncı saat radələrində, onlar yolda olub şəhərə yaxınlaşanda Peter dua etmək üçün dama çıxdı. |
| 10. | O acıb yemək istəyirdi. Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı. |
| 11. | O gördü ki, göy yarıldı, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq yerə endi. |
| 12. | Onun üstündə hər cür dördayaqlılar, sürünənlər və göydə uçan quşlar var idi. |
| 13. | Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!» |
| 14. | Peter Ona dedi: «Əsla, ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm». |
| 15. | Səda ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən haram demə». |
| 16. | Bu, üç dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi. |
| 17. | Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Onlar qapı ağzında dayanıb |
| 18. | bərkdən soruşdular: «Peter deyə çağırılan Şimon burada qalırmı?» |
| 19. | Bu zaman görüntü barədə fikirləşən Peterə Ruh belə dedi: «Bax səni üç kişi axtarır. |
| 20. | Dur, aşağı en və heç tərəddüd etmədən onlarla get. Çünki onları Mən göndərmişəm». |
| 21. | Peter aşağı enib həmin adamlara dedi: «Axtardığınız adam mənəm. Niyə gəlmisiniz?» |
| 22. | Onlar dedilər: «Korneli adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə çağırtdırsın və deyəcəyin sözlərə qulaq assın». |
| 23. | Bundan sonra Peter onları içəri dəvət edib qonaq saxladı. Ertəsi gün Peter qalxıb onlarla yola çıxdı və Yafodan olan bəzi qardaşlar da onlara qoşuldu. |
| 24. | Sonrakı gün Qeysəriyyəyə çatdı. Korneli öz qohumlarını və yaxın dostlarını bir yerə yığıb onları gözləyirdi. |
| 25. | Peter içəri girəndə Korneli ayağına düşüb ona səcdə etdi. |
| 26. | Peter isə onu ayağa qaldıraraq dedi: «Qalx, mən də sənin kimi insanam». |
| 27. | Peter Korneli ilə danışa-danışa içəri daxil olanda gördü ki, oraya xeyli adam yığılıb. |
| 28. | Onlara belə dedi: «Bilirsiniz ki, Yəhudilərə hər hansı bir yadelli ilə ünsiyyət yaratmaq, onlara qonaq getmək qadağandır. Amma insanları haram və murdar saymamağı Allah mənə göstərdi. |
| 29. | Buna görə məni çağıranda etiraz etmədən gəldim. Deyə bilərsinizmi, məni niyə çağırmısınız?» |
| 30. | Korneli cavab verdi: «Üç gün əvvəl elə bu vaxtlarda doqquzuncu saatın duasını edirdim ki, birdən parlaq libaslı bir kişi qarşımda dayandı |
| 31. | və dedi: “Ey Korneli, sənin duaların eşidildi və nəzir-niyazların Allah tərəfindən yada salındı. |
| 32. | İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır”. |
| 33. | Ona görə sənin yanına adamlar göndərdim və sən də xeyirxahlıq göstərərək gəldin. İndi hamımız Allahın önündəyik və Rəbbin sənə əmr etdiyi hər sözə qulaq asmağa hazırıq». |
| 34. | Peter sözə başlayıb dedi: «İndi bildim ki, həqiqətən, Allah tərəfkeşlik etmir. |
| 35. | Milliyətindən asılı olmayaraq kim ki Ondan qorxub əməlisaleh olarsa, Ona məqbuldur. |
| 36. | O, İsrail övladlarına Öz kəlamını göndərdi və hamının Sahibi olan İsa Məsih vasitəsilə barışdırma Müjdəsini yaydı. |
| 37. | Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. |
| 38. | Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah Ona yar idi. |
| 39. | Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu çarmıxa çəkib öldürdülər. |
| 40. | Amma Allah Onu üçüncü gün diriltdi və bütün xalqa deyil, əvvəlcədən seçdiyi Öz şahidlərinə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi. |
| 41. | Amma Allah Onu üçüncü gün diriltdi və bütün xalqa deyil, əvvəlcədən seçdiyi Öz şahidlərinə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi. |
| 42. | Bizə isə əmr verdi ki, “Allahın təyin etdiyi ölülərlə dirilərin Hakimi Budur” deyə bunu xalqa şəhadət etməklə vəz edək. |
| 43. | Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır». |
| 44. | Peter bu sözləri deyirdi ki, Müqəddəs Ruh söhbətə qulaq asan hər kəsin üzərinə endi. |
| 45. | Peterlə birlikdə gəlmiş sünnətli imanlılar Müqəddəs Ruhun bəxşiş olaraq başqa millətlərin də üstünə töküldüyünə mat qaldı; |
| 46. | onların başqa dillərdə danışıb Allahı mədh etdiyini eşitdilər. Onda Peter belə dedi: |
| 47. | «Bu adamlar bizim kimi Müqəddəs Ruhu alıb. Bunların su ilə vəftiz olmalarına kim mane ola bilər?» |
| 48. | Beləliklə, onların İsa Məsihin adı ilə vəftiz olmalarını buyurdu. Sonra onlar Peterdən xahiş etdilər ki, bir neçə gün onların yanında qalsın. |
| ← Acts (10/28) → |