| Acts (1/28) → |
| 1. | Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. |
| 2. | Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi. |
| 3. | Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı. |
| 4. | İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. |
| 5. | Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız». |
| 6. | Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?» |
| 7. | İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. |
| 8. | Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız». |
| 9. | İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi. |
| 10. | İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub |
| 11. | soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq». |
| 12. | Bundan sonra həvarilər Zeytun dağı adlanan yerdən Yerusəlimə endilər. Bu dağ Yerusəlimin yaxınlığındadır, oraya olan məsafə Şənbə yolu qədərdir. |
| 13. | Onlar şəhərə girib qaldıqları evin yuxarı otağına çıxdılar. Oradakılar bunlar idi: Peter, Yəhya, Yaqub, Andrey, Filip, Tomas, Bartalmay, Matta, Halfay oğlu Yaqub, Millətçi Şimon və Yaqub oğlu Yəhuda. |
| 14. | İsanın anası Məryəmlə qardaşları və başqa qadınlar da həvarilərlə birlikdə dayanmadan dua edirdilər. |
| 15. | Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi: |
| 16. | «Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir. |
| 17. | Yəhuda bizə qoşuldu, bu xidmətdən ona da pay düşdü. |
| 18. | Bu adam etdiyi haqsızlığın haqqına bir tarla satın aldı, sonra da oradan kəlləmayallaq aşıb qarnı yırtıldı və bağırsaqları töküldü. |
| 19. | Bütün Yerusəlim əhalisi bunu eşitdi və o yeri öz dillərində “Haqal-Dema”, yəni “Qan tarlası” adlandırdı. |
| 20. | Axı Zəbur kitabında yazılıb: “Məskəni viran olsun, Kimsəsiz, boş qalsın” və “Vəzifəsini başqası tutsun”. |
| 21. | Buna görə də Rəbb İsanın aramıza gəlib-getdiyi müddət ərzində, yəni Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə qaldırıldığı günə qədər yanımızdakılardan bir kişi Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır». |
| 22. | Buna görə də Rəbb İsanın aramıza gəlib-getdiyi müddət ərzində, yəni Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə qaldırıldığı günə qədər yanımızdakılardan bir kişi Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır». |
| 23. | Beləliklə, iki nəfəri – Barsabba çağırılan, həm də Yust adlanan Yusifi və Mattiyanı namizəd göstərdilər. |
| 24. | Sonra dua etdilər: «Ya Rəbb, Sən hamının ürəyindən xəbərdarsan. Bu iki nəfərdən birini seçib bizə göstər ki, |
| 25. | qoy onlardan biri bu xidmətə – həvari vəzifəsinə keçsin. Çünki Yəhuda öz yerini tutsun deyə bu işi atdı». |
| 26. | Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü və o, həvari sırasına – on bir nəfərin yanına keçdi. |
| Acts (1/28) → |