| 2Timothy (1/4) → |
| 1. | Məsih İsada olan həyat vədinə görə Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan |
| 2. | mənə sevimli oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun! |
| 3. | Durmadan, gecə-gündüz dualarımda səni yada saldığım zaman ata-babalarım kimi təmiz vicdanla ibadət etdiyim Allaha şükür edirəm. |
| 4. | Sənin göz yaşlarını xatırlayaraq səni görməyə həsrət çəkirəm ki, sevinclə dolum. |
| 5. | Səndəki riyasız imanı yadıma salıram. Əvvəlcə nənən Lois və anan Evnikinin saxladığı bu imanı, əminəm ki, sən də saxlayırsan. |
| 6. | Bu səbəbdən sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram. |
| 7. | Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir. |
| 8. | Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əzaba qatlaş. |
| 9. | Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi, |
| 10. | indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi. |
| 11. | Mən bu Müjdə üçün vaiz, həvari və müəllim təyin olundum. |
| 12. | Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir. |
| 13. | Məsih İsada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür. |
| 14. | Sənə verilən yaxşı əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla. |
| 15. | Bilirsən ki, Asiya vilayətində olanların hamısı məndən üz döndərdi. Həmçinin Figel və Hermogen də bunların sırasındadır. |
| 16. | Rəbb Onisiforun ev əhlinə mərhəmət etsin. Çünki dəfələrlə məni ruhlandırdı, mənim zəncirlənməyimdən utanmadı. |
| 17. | Əksinə, Romada olarkən məni səylə axtarıb tapdı. |
| 18. | Qoy Rəbb qiyamət günü ona mərhəmət tapmağa imkan versin. Efesdə onun mənə nə qədər xidmət etdiyini sən çox yaxşı bilirsən. |
| 2Timothy (1/4) → |