2Thessalonians (3/3)    

1. Nəhayət, qardaşlar, bizim üçün dua edin ki, Rəbbin kəlamı aranızda olduğu kimi sürətlə yayılıb izzət qazansın,
2. pis və şər adamlardan xilas olaq. Çünki iman hamıya məxsus deyil.
3. Amma Rəbb etibarlıdır. O sizi möhkəmləndirib şər olandan qoruyacaq.
4. Biz də Rəbbə güvənərək sizdən arxayınıq ki, verdiyimiz əmrlərə əməl edirsiniz və edəcəksiniz.
5. Qoy Rəbb ürəklərinizi Allahın məhəbbətinə və Məsihin dözümünə yönəltsin.
6. Ey qardaşlar, Rəbbimiz İsa Məsihin adı ilə sizə əmr veririk ki, bizdən qəbul etdiyi təlimə görə yaşamayan, avara həyat sürən hər bir bacı-qardaşdan uzaqlaşın.
7. Bizlərdən necə nümunə götürmək lazım olduğunu özünüz də bilirsiniz. Çünki yanınızda olarkən avara dolanmadıq,
8. heç kimin çörəyini müftə yemədik. Əksinə, gecə-gündüz əmək və zəhmət çəkərək işlədik ki, heç birinizə yük olmayaq.
9. Bunu ixtiyarımız çatmadığına görə deyil, sizə nümunəvi yol göstərərək bu yolla getməyiniz üçün etdik.
10. Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: kim işləmək istəmirsə, yemək də yeməsin.
11. Eşitmişik ki, sizlərdən bəzisi avara həyat sürür; heç bir iş görmədikləri halda hər şeyə qarışırlar.
12. Belələrinə Rəbb İsa Məsih naminə əmr verib xəbərdarlıq edirik ki, sakitcə işləyib öz çörəklərini yesinlər.
13. Sizsə, qardaşlar, yaxşılıq etməkdən yorulmayın.
14. Əgər kimsə bu məktubdakı sözlərimizə qulaq asmaq istəməzsə, onu nəzərdə saxlayın və onunla əlaqəni kəsin ki, utansın.
15. Yenə də onu düşmən sanmayın, bir qardaş kimi ona nəsihət verin.
16. Sülh qaynağı olan Rəbbin Özü isə sizə hər zaman və hər vəziyyətdə sülh versin! Rəbb hamınıza yar olsun!
17. Mən Paul salamı sizə öz əlimlə yazıram. Bunu hər məktubumda xüsusi bir işarə kimi yazıram.
18. Rəbbimiz İsa Məsihin lütfü hamınıza yar olsun!

  2Thessalonians (3/3)