2Samuel (7/24)  

1. Rəbb padşah Davuda ətrafında olan bütün düşmənlərinin əlindən rahatlıq verən zamanlarda Davud öz evində oturmuşdu.
2. O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir çadırda qalır».
3. Natan padşaha dedi: «Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir».
4. Lakin o gecə Natana Rəbbin bu sözü nazil oldu:
5. «Get, qulum Davuda söylə ki, Rəbb belə deyir: “Sənmi Mənə yaşamaq üçün ev tikəcəksən?
6. İsrail övladlarını Misirdən çıxartdığım gündən ta bu günə qədər Mən heç bir evdə yaşamamışam, ancaq bir səyyar çadırda oraya-buraya köçmüşəm.
7. Bütün İsrail övladları ilə birgə gəzdiyim o yerlərdə xalqım İsrailin qayğısına qalmağı buyurduğum İsrail qəbilələrindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev qurmadınız?› deyə bir söz söyləmişəmmi?”
8. İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otaranda götürüb xalqım İsrailə hökmdar etdim.
9. Getdiyin hər yerdə səninlə oldum və qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm.
10. Xalqım İsrail üçün bir yer təyin edib onları oraya sakin edəcəyəm ki, öz yurdlarında yaşasınlar və bir daha sarsılmasınlar. Şər adamlar əvvəllər xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onlara zülm etməsinlər.
11. Sənə bütün düşmənlərinin əlindən rahatlıq verəcəyəm”. Rəbb sənə bildirir ki, Rəbb Özü sənə ev tikəcək.
12. “Ömrün başa çatıb atalarınla uyuyanda yerinə sənin toxumundan – belindən gələn övladını çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm.
13. O Mənim ismimə ev tikəcək və onun şahlıq taxtını əbədi möhkəm edəcəyəm.
14. Mən ona Ata, o isə Mənə oğul olacaq. Günah edəndə onu insanların dəyənəyi ilə, bəşər övladlarının kötəkləri ilə vuracağam.
15. Qarşından götürdüyüm Şauldan lütfümü geri aldığım kimi ondan geri almayacağam.
16. Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq”».
17. Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.
18. Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Xudavənd Rəbb, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın?
19. Ya Xudavənd Rəbb, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Bu insanlar üçün bir təlimdirmi, ya Xudavənd Rəbb?
20. Davud Sənə daha nə deyə bilər? Ya Xudavənd Rəbb, bu qulunu Sən tanıyırsan!
21. Sən bütün bu böyük şeyləri quluna başa salmaq üçün, həm də Öz sözün uğrunda və Öz ürəyincə etdin.
22. Bunun üçün, ya Rəbb Allah, Sən böyüksən. Axı qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur.
23. Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqın önündə onlar və Öz ölkən uğrunda böyük və xariqəli işlər gördün. Belə ki millətləri və onların allahlarını qovub Özünə şöhrət qazandın.
24. Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq təyin etdin və Sən, ya Rəbb, onların Allahı oldun.
25. İndi isə, ya Rəbb Allah, bu qulun və onun nəsli haqqında söylədiyin sözü əbədi saxla və dediyinə əməl et.
26. Qoy insanlar “Ordular Rəbbi İsrailə hakim olan Allahdır” deyərək Sənin adını əbədi ucaltsınlar və qulun Davudun nəsli Sənin önündə möhkəm qalsın.
27. Çünki Sən Ordular Rəbbi, İsrailin Allahı “sənə ev tikəcəyəm” deyərək bu quluna vəhy göndərdin. Ona görə də qulun Sənə bu duanı etməyə cəsarət tapdı.
28. Ya Xudavənd Rəbb, Sən Allahsan, Sənin sözlərin haqdır və indi də quluna bu yaxşı şeyi vəd etdin.
29. Əbədi olaraq Sənin önündə olsun deyə qulunun nəslinə xeyir-dua vermək qoy Sənə xoş görünsün! Çünki, ya Xudavənd Rəbb, Sən belə söz verdin. Bu qulunun nəsli Sənin xeyir-duanla əbədilik xeyir-dua alsın!»

  2Samuel (7/24)