| ← 2Samuel (6/24) → |
| 1. | Davud İsraildə yenidən bütün seçmə adamları topladı. Onlar otuz min nəfər idi. |
| 2. | Davud durub yanındakı xalqla birgə Yəhudanın Baale şəhərinə getdi ki, keruvlar üstündə taxt quran Ordular Rəbbinə aid olan Allahın sandığını oradan çıxartsın. |
| 3. | Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın təpədəki evindən çıxartdılar. Təzə arabanı Avinadavın oğulları Uzza və Axyo sürürdü. |
| 4. | Onlar Allahın sandığını Avinadavın təpədəki evindən arabaya qoyub çıxartdılar. Axyo sandığın qabağında gedirdi. |
| 5. | Davudla bütün İsrail nəsli Rəbbin hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, şaxşaxlarla və sinclərlə çalıb oynayırdılar. |
| 6. | Nakonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb Allahın sandığından tutdu. |
| 7. | Uzzaya qarşı Rəbbin qəzəbi alovlandı və Allah onu hörmətsizlik etdiyinə görə oradaca vurdu. Uzza yerindəcə – Allahın sandığı yanında öldü. |
| 8. | Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza deyilir. |
| 9. | Həmin gün Davud Rəbdən qorxub dedi: «Rəbbin sandığı mənim yanımda necə qala bilər?» |
| 10. | Davud Rəbbin sandığını öz yanına – Davudun şəhərinə aparmaq istəmədi və sandığı yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu. |
| 11. | Rəbbin sandığı üç ay Qatlı Oved-Edomun evində qaldı. Rəbb Oved-Edoma və onun bütün külfətinə bərəkət verdi. |
| 12. | Padşah Davuda «Rəbb Oved-Edomun nəslinə və ona məxsus hər şeyə Allahın sandığına görə bərəkət verdi» deyə xəbər verildi. Davud gedib Oved-Edomun evindən Allahın sandığını sevinclə Davudun adı verilən şəhərə çıxardı. |
| 13. | Rəbbin sandığını daşıyanlar altı addım gedəndən sonra Davud bir öküzü və kökəldilmiş buğanı qurban kəsdi. |
| 14. | O, kətan efod geyib Rəbbin önündə var gücü ilə rəqs edirdi. |
| 15. | Davudla bütün İsrail nəsli Rəbbin sandığını hay-küylə, şeypur səsi ilə çıxartdılar. |
| 16. | Rəbbin sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxıb padşah Davudu Rəbbin önündə atılıb rəqs edərkən gördü və ürəyində ona kinayə etdi. |
| 17. | Rəbbin sandığını gətirib Davudun bu məqsədlə qurduğu çadırın içərisində onun üçün ayrılan yerə qoydular. Davud Rəbbin önündə yandırma və ünsiyyət qurbanları kəsdi. |
| 18. | Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Ordular Rəbbinin adı ilə xalqa xeyir-dua verdi. |
| 19. | İstər qadın, istərsə də kişi olsun, xalqın hamısına – İsrail camaatından hərəyə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı. Sonra xalqın hamısı öz evinə qayıtdı. |
| 20. | Davud öz külfətinə xeyir-dua vermək üçün qayıdanda Şaulun qızı Mikal Davudun qarşısına çıxıb belə dedi: «Gör bu gün İsrailin padşahı necə də şərəf qazanıb! Adi bir təlxək kimi utanmadan bu gün əyanlarının və qarabaşlarının qarşısında soyundu!» |
| 21. | Davud Mikala dedi: «Mən bunu atanın və onun bütün nəslinin yerinə məni seçib Öz xalqı İsraillilərə hökmdar qoyan Rəbbin qarşısında etmişəm. Bəli, Rəbbin hüzurunda şənlik edəcəyəm. |
| 22. | Bundan sonra bundan betər alçalıb öz mənliyimi heç edəcəyəm, yalnız sən dediyin qarabaşların qarşısında şərəflənəcəyəm». |
| 23. | Buna görə də Şaul qızı Mikalın ölənə qədər övladı olmadı. |
| ← 2Samuel (6/24) → |