← 2Samuel (5/24) → |
1. | İsrailin bütün qəbilələri Xevrona, Davudun yanına gəlib belə dedi: «Bax biz sənin sümüyündən, sənin ətindənik. |
2. | Əvvəllər – Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan». |
3. | İsrailin bütün ağsaqqalları Xevrona, padşah Davudun yanına gəldilər və padşah orada Rəbbin önündə onlarla əhd bağladı. Ağsaqqallar Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər. |
4. | Davud padşah olanda otuz yaşı var idi və qırx il padşahlıq etdi. |
5. | O, Xevronda Yəhuda üzərində yeddi il altı ay idi ki, padşahlıq etmişdi və Yerusəlimdə, bütün İsrail ilə Yəhuda üzərində isə otuz üç il padşahlıq etdi. |
6. | Padşahla adamları Yerusəlimə gedib o torpağın yerli əhalisi Yevuslulara hücum etdilər. Yevuslular Davuda dedilər: «Sən buraya girə bilməzsən. Əgər buraya gəlsən, səni hətta korlar və topallar da geri ata bilər». Onlar fikirləşdilər ki, Davud bu şəhərə girə bilməz. |
7. | Buna baxmayaraq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı. |
8. | Davud həmin gün dedi: «Hər kim Yevuslulara hücum edəcəksə, yeraltı keçidlə Davudun canına nifrət edən o topallara və korlara çatmalıdır». Elə buna görə də deyirlər ki, kor və topallar saraya girməyəcək. |
9. | Davud qalada məskən saldı və qalanı Davudun şəhəri adlandırdı. Sonra ətrafda, qala yamacından içəriyə doğru olan sahəni tikdi. |
10. | Davud getdikcə yüksəlirdi, çünki Ordular Allahı Rəbb onunla idi. |
11. | Sur padşahı Xiram Davudun yanına qasidlərlə sidr ağacları, dülgərlər, bənnalar göndərdi. Onlar Davud üçün bir ev tikdilər. |
12. | Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirib və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəldib. |
13. | Davud Xevrondan gələndən sonra Yerusəlimdən özünə təzə arvadlarla cariyələr aldı. Onlar Davuda yenə oğul və qızlar doğdu. |
14. | Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman, |
15. | İvxar, Elişua, Nefeq, Yafia, |
16. | Elişama, Elyada və Elifelet. |
17. | Filiştlilər eşitdilər ki, Davud İsrail üzərində padşah olmaq üçün məsh edilib. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib qalaya endi. |
18. | Filiştlilər gəlib Refaim vadisinə yayıldı. |
19. | Davud Rəbdən soruşdu: «Mən Filiştlilərə qarşı çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb Davuda cavab verdi: «Çıx, mütləq Filiştliləri sənə təslim edəcəyəm». |
20. | Davud Baal-Perasimə gəlib Filiştliləri qırdı və belə dedi: «Sellər bəndləri dağıtdığı kimi Rəbb də düşmənlərimi mənim önümdə dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim qoydular. |
21. | Filiştlilər qaçanda bütlərini orada qoydular. Davudla adamları o bütləri götürüb apardı. |
22. | Filiştlilər yenə də Refaim vadisinə çıxaraq yayıldılar. |
23. | Buna görə Davud Rəbdən soruşdu və Rəbb dedi: «Birbaşa onların qarşısına çıxma, arxalarından dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl. |
24. | Balzam ağaclarının başından addım səslərini eşidəndə cəld hərəkətə keç, çünki o zaman Rəbb sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq». |
25. | Rəbb Davuda necə buyurmuşdusa, o da elə etdi və Gevadan Gezerə çatana qədər Filiştliləri qırdı. |
← 2Samuel (5/24) → |