2Samuel (11/24)  

1. Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Davud Yoavı, zabitlərini bütün İsrail ordusu ilə birlikdə müharibəyə göndərdi. Onlar Ammonluları qırıb Rabbanı mühasirəyə aldılar. Davud isə Yerusəlimdə qaldı.
2. Bir axşamçağı Davud yatağından qalxıb padşah sarayının damı üstündə gəzişirdi. O, damdan baxıb gördü ki, bir qadın yuyunur. Qadın çox gözəl idi.
3. Davud adam göndərib bu qadın barəsində xəbər aldı. Biri belə dedi: «Bu qadın Xetli Uriyanın arvadı, Eliamın qızı Bat-Şevadır».
4. Davud qasidlər göndərib onu yanına gətirtdi. Qadın onun yanına gələndə hələ aybaşı murdarlığından təmizlənməkdə idi. Davud onunla yatdı və sonra qadın evinə qayıtdı.
5. Qadın bundan boylu olub Davuda «mən hamiləyəm» deyə xəbər göndərdi.
6. Davud Yoavın yanına adam göndərib dedi: «Xetli Uriyanı mənim yanıma göndər». Yoav Uriyanı Davudun yanına göndərdi.
7. Uriya Davudun yanına gələndə Davud Yoavın, xalqın və döyüşün vəziyyətini soruşdu.
8. Sonra Davud Uriyaya dedi: «Get evinə, ayaqlarını yu». Uriya padşahın sarayından çıxanda padşah arxasınca ona hədiyyə də göndərdi.
9. Lakin Uriya padşahın sarayının qapısında ağasının bütün mühafizəçiləri ilə birlikdə yatıb evinə getmədi.
10. Davuda «Uriya evinə getmədi» deyə bildirdilər. Davud Uriyaya dedi: «Sən yoldan gəlməmisənmi? Niyə evinə getmədin?»
11. Uriya Davuda dedi: «Əhd sandığı və İsraillilərlə Yəhudalılar çardaqlarda qalarkən, ağam Yoavla ağamın zabitləri çöllərdə məskən salarkən mən yemək-içmək və arvadım ilə yatmaq üçün evimə gedimmi? Həyatına və canına and olsun, mən belə şey etmərəm».
12. Davud Uriyaya dedi: «Bu gün də burada qal, sabah səni yola salaram». Uriya həmin günü və ertəsi günü Yerusəlimdə qaldı.
13. Davud onu çağırıb yedirib-içirərək sərxoş etdi. Uriya padşahın yanından axşamüstü çıxdı. O öz hərbi yatağında yatmaq üçün ağasının mühafizəçilərinin yanına gedərək yenə də evinə getmədi.
14. Səhər açılanda Davud Yoava məktub yazdı və məktubu Uriyanın əli ilə Yoava göndərdi.
15. Məktubunda belə yazılmışdı: «Uriyanı qızğın döyüşlərə göndər. Onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün».
16. Yoav şəhəri mühasirə altında saxlayarkən igid adamlar olan yeri bilirdi və Uriyanı oraya göndərdi.
17. Şəhərin adamları qalxıb Yoavla döyüşə çıxdılar. Xalqdan, Davudun döyüşçülərindən qırılanlar oldu və Xetli Uriya da ölənlər arasında idi.
18. Yoav Davudun yanına adam göndərib döyüş haqqında olan məlumatların hamısını xəbər verdi.
19. Qasidə əmr edib dedi: «Döyüş haqqında olan bütün məlumatları padşaha söyləyib bitirərkən
20. padşah sənə qəzəblənib “Şəhərə hücum etmək üçün niyə bu qədər yaxınlaşdınız? Divarın üstündən sizə ox atacaqlarını bilmirdinizmi?
21. Bax Yerubbeşet oğlu Avimeleki kim vurdu? Divarın üstündən bir qadın dəyirmanın üst daşını onun üstünə atmadımı və o, Tevesdə ölmədimi?” deyərsə, o zaman “qulun Xetli Uriya da öldü” deyərsən».
22. Qasid yola düşdü və Davudun yanına gəlib Yoavın göndərdiyi məlumatların hamısını ona xəbər verdi.
23. Qasid Davuda dedi: «Adamlar bizə üstün gəldilər. Onlar bizə qarşı döyüşmək üçün çölə çıxdılar və onları darvazanın girişinə qədər qovduq.
24. Oxatanlar divardan döyüşçülərin üstünə ox yağdırdılar və padşahın döyüşçülərindən ölənlər də oldu. Qulun Xetli Uriya da ölənlər arasındadır».
25. Davud qasidə dedi: «Yoava deyərsən ki, “bu hadisə sənin gözündə pis görünməsin, çünki qılınc gah birinin, gah da başqasının başını yeyir. Şəhərə qarşı döyüşü gücləndirib oranı yıxsın”. Bununla Yoavı sən də ruhlandır».
26. Uriyanın arvadı Uriyanın ölümünü eşidib əri üçün yas tutdu.
27. Yas qurtarandan sonra Davud adam göndərib Bat-Şevanı öz evinə gətirdi və o, Davudun arvadı oldu. Sonra Davuda bir oğul doğdu. Lakin Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi.

  2Samuel (11/24)