| 2Samuel (1/24) → |
| 1. | Şaulun ölümündən sonra Davud Amaleqliləri məğlub edib qayıdan zaman iki gün Ziqlaqda qaldı. |
| 2. | Üçüncü gün Şaulun yanından – ordugahdan paltarı cırılmış, başı toz-torpağa batmış bir adam gəldi. O, Davudun yanına çatıb qarşısında üzünü yerə qoyaraq təzim etdi. |
| 3. | Davud ondan soruşdu: «Haradan gəlirsən?» Həmin adam ona dedi: «Qaçıb canımı İsrail ordugahından qurtardım». |
| 4. | Davud ona dedi: «Orada nə baş verib? Rica edirəm, mənə de». O dedi: «Ordu döyüş meydanından qaçdı və onların bir çoxu qırılıb öldü. Şaulla oğlu Yonatan da həlak oldu». |
| 5. | Davud ona xəbər verən cavan adamdan soruşdu: «Bəs sən haradan bildin ki, Şaulla Yonatan da öldü?» |
| 6. | Davuda xəbər verən cavan belə dedi: «Təsadüfən Gilboa dağında idim və gördüm ki, Şaul nizəsinə söykənərək dayanıb. Atlılar və döyüş arabaları isə artıq ona çatmaqda idi. |
| 7. | Şaul geriyə baxanda məni görüb çağırdı. Mən dedim: “Buyurun, buradayam”. |
| 8. | O mənə “Sən kimsən?” dedi. Mən ona dedim ki, mən bir Amaleqliyəm. |
| 9. | Şaul mənə dedi: “Gəl əyil üzərimə, məni öldür, can üstəyəm, bu ağrılardan qurtarmaq istəyirəm”. |
| 10. | Elə buna görə də mən onun üstünə əyilib nəfəsini kəsdim. Çünki bilirdim ki, o yıxılandan sonra artıq yaşaya bilməyəcək. Sonra onun başının tacını və qolunun bilərziyini götürdüm və buraya, ağam üçün gətirdim». |
| 11. | Bunu eşidən Davud dartıb paltarlarını cırdı və yanındakı bütün adamlar da belə etdilər. |
| 12. | Onlar Şaul üçün, oğlu Yonatan üçün, Rəbbin xalqı və bütün İsrail nəsli üçün axşamacan yas qurub ağladılar və oruc tutdular, çünki onlar qılıncdan keçirilərək həlak olmuşdu. |
| 13. | Davud əhvalatı ona danışan cavana dedi: «Haralısan?» O cavab verdi: «Mən yadelliyəm, bir Amaleqlinin oğluyam». |
| 14. | Davud ona dedi: «Bəs niyə qorxmayaraq Rəbbin məsh olunmuş padşahını öldürmək üçün əl qaldırdın?» |
| 15. | Davud adamlarından birini çağırıb dedi: «Get, onu öldür». O da Amaleqlini vurub öldürdü. |
| 16. | Davud Amaleqliyə dedi: «Qoy qanın öz başına dönsün! Çünki sənin əleyhinə “mən Rəbbin məsh olunmuş padşahını öldürdüm” deyən ağzın şahidlik etdi». |
| 17. | Davud Şaul və oğlu Yonatanın yasında bu mərsiyəni oxudu. |
| 18. | Sonra tapşırdı ki, «Oxatan yay» adlı bu mərsiyəni Yəhuda övladlarına öyrətsinlər. Bu mərsiyə Yaşar kitabında yazılmışdır: |
| 19. | Ey İsrail, şərəfin öz yüksək yerlərinin üstündə öldürüldü! Necə də igidlər qırıldı! |
| 20. | Filiştlilərin qızları sevinməsinlər deyə, Sünnətsizlərin qızları fərəhlənməsinlər deyə Bunu Qatda bildirməyin, Aşqelon küçələrində yaymayın. |
| 21. | Ey Gilboa dağları, Üstünə şeh, yağış düşməsin, Qoy zəmilərin məhsul verməsin! Çünki orada ləkələndi igidlərin qalxanı, Şaulun yağ ilə silinməmiş qalxanı. |
| 22. | Öldürülənlərin qanına, igidlərin piyinə görə Yonatanın yayı geri dönməzdi, Şaulun qılıncı boş qayıtmazdı. |
| 23. | Şaul ilə Yonatan necə sevimli, əziz, Həyatda və ölümdə ayrılmaz oldunuz siz. Onlar qartallardan sürətli idi, Aslanlardan qüvvətli idi. |
| 24. | Ey İsrail qızları, ağlayın Şaul üçün. O sizə qiymətli al qumaşlar geydirərdi, Geyiminizə qızıl naxışlar vurardı. |
| 25. | Ah, döyüş meydanında necə də igidlər qırıldı! Yonatan sənin yüksək təpələrində həlak oldu. |
| 26. | Ey qardaşım Yonatan, sənin üçün ürəyim yanar. Sən mənə çox əziz idin. Sənin sevgin mənim üçün heyranedici idi, Qadın sevgisindən də üstün idi. |
| 27. | İgidlər necə də qırıldı! Döyüş silahları necə də yox oldu! |
| 2Samuel (1/24) → |