← 2Peter (3/3) |
1. | Sevimlilər, indi bu mənim sizə yazdığım ikinci məktubdur. Hər iki məktubumda təmiz düşüncəli olmağınızı xatırladaraq sizi oyaq edirəm. |
2. | Müqəddəs peyğəmbərlərin qabaqcadan söylədiyi sözləri və Xilaskarımız Rəbbin həvariləriniz vasitəsilə verdiyi əmri yada salmalısınız. |
3. | Hər şeydən əvvəl bunu bilməlisiniz ki, axır zamanda öz ehtiraslarına görə hərəkət edən rişxəndçilər gələcək və rişxəndlə |
4. | deyəcəklər: «Rəbbin vəd etdiyi zühuru haradadır? Axı ata-babalarımız vəfat edəndən bəri, yaradılışın başlanğıcından hər şey eyni cür olaraq qalır». |
5. | Onlar qəsdən unutmuşlar ki, Allahın kəlamı ilə göylər qədimdən bəri mövcuddur, quru da sudan ayrılaraq su vasitəsilə yarandı. |
6. | Yenə də su ilə, yəni daşqınla o dövrkü dünya məhv oldu. |
7. | İndiki yer və göylər isə həmin kəlamla oda təslim olmaq üçün təyin olunub, allahsızların mühakimə və həlak olacağı günədək saxlanılır. |
8. | Sevimlilər, bu bir şeyi yadınızdan çıxarmayın ki, Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir. |
9. | Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir. |
10. | Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq. |
11. | Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız. |
12. | Allahın zühur gününü gözləyərək tezləşdirməlisiniz. O gün göylər od tutub məhv olacaq və ünsürlər yanıb əriyəcək. |
13. | Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik. |
14. | Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin. |
15. | Sevimli qardaşımız Paulun da ona bəxş edilmiş müdrikliklə sizə yazdığı kimi, Rəbbimizin səbrini də xilas fürsəti kimi sayın. |
16. | Paul bütün məktublarında bu mövzulara eyni cür toxunur. Məktublarında çətin başa düşülən bəzi işlər var; cahillər və qərarsızlar digər Müqəddəs Yazılar kimi bunların da mənasını təhrif edərək öz həlaklarına səbəb olurlar. |
17. | Beləliklə, siz, ey sevimlilər, bunu əvvəlcədən bilib pozğun adamlar sizi aldadaraq yoldan azdırmasın və sabit vəziyyətinizdən ayrılmayasınız deyə özünüzü qoruyun. |
18. | Lakin Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün. Ona indi və əbədi olaraq izzət olsun! Amin. |
← 2Peter (3/3) |