| 2Peter (1/3) → |
| 1. | İsa Məsihin qulu və həvarisi mən Şimon Peterdən Allahımız və Xilaskarımız İsa Məsihin salehliyi sayəsində bizimlə bərabər qiymətli iman əldə etmiş olanlara salam! |
| 2. | Allahı və Rəbbimiz İsanı tanıdıqca lütf və sülh sizə bol-bol verilsin! |
| 3. | Bizi Öz izzəti və alicənablığına Çağıranın ilahi gücü Onu tanımağımız vasitəsilə yaşamağımız və mömin olmağımız üçün lazım gələn hər şeyi bizə bəxş etdi. |
| 4. | Beləliklə, O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız. |
| 5. | Elə buna görə də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, |
| 6. | biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik, |
| 7. | möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin. |
| 8. | Çünki əgər bunlar sizdə varsa və artırsa, sizi Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz olmaqdan qoruyacaq. |
| 9. | Bunlar kimdə yoxdursa, o kordur, uzağı görə bilməz və əvvəlki günahlarından təmizləndiyini unutmuşdur. |
| 10. | Beləliklə, ey qardaşlar, çağırıldığınızı və seçildiyinizi təsdiq etmək üçün daha da səy göstərin. Çünki əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz. |
| 11. | Beləcə Rəbbimiz və Xilaskarımız İsa Məsihin əbədi Padşahlığına girmək səlahiyyəti sizə bol-bol ehsan ediləcək. |
| 12. | Ona görə də bunları bilsəniz və sahib olduğunuz həqiqətlə möhkəm dursanız da, daima bunları sizə xatırladıram. |
| 13. | Bu bədəndə yaşadığım müddətdə xatırlatmaqla sizi oyandırmağı doğru hesab edirəm. |
| 14. | Çünki Rəbbimiz İsa Məsihin mənə bildirdiyi kimi, bu bədəndən ayrılmağımın yaxın olduğunu bilirəm. |
| 15. | Buna görə də çalışıram ki, mən bu dünyadan köçdükdən sonra da siz bunları həmişə yada salasınız. |
| 16. | Rəbbimiz İsa Məsihin qüdrətini və zühurunu sizə bildirərkən uydurma əfsanələrə əsaslanmadıq. Amma öz gözümüzlə Onun ululuğunun şahidləri olduq. |
| 17. | Çünki Böyük Ehtişamı Olandan Ona belə bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». O vaxt Ata Allahdan izzət və şərəf qəbul etdi. |
| 18. | Müqəddəs dağda Onunla birgə olduğumuz üçün göydən gələn bu səsi biz də eşitdik. |
| 19. | Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz. |
| 20. | Hər şeydən əvvəl bunu bilməlisiniz ki, Müqəddəs Yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən şərh etmək olmaz. |
| 21. | Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamışdır, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi. |
| 2Peter (1/3) → |