← 2Kings (8/25) → |
1. | Elişa oğlunu diriltdiyi qadına demişdi: «Qalx öz ev adamlarınla birgə get və qala biləcəyin yerdə qal. Çünki Rəbb qərar verdi ki, yeddi il ölkədə aclıq olacaq». |
2. | Qadın Allah adamının sözünə əməl etmişdi və ev adamları ilə birgə gedib Filiştlilərin ölkəsində yeddi il qalmışdı. |
3. | Bu müddətdən sonra qadın Filiştlilərin ölkəsindən qayıtdı. O, evini və tarlasını istəmək üçün padşahın yanına getdi. |
4. | O vaxt padşah Allah adamının nökəri Gehazi ilə danışaraq ona deyirdi: «Buyur Elişanın etdiyi bütün böyük işləri mənə danış». |
5. | O, Elişanın ölünü necə diriltdiyini padşaha danışdığı vaxt oğlu dirilən qadın da evini və tarlasını istəmək üçün padşaha yalvarmağa başladı. Gehazi dedi: «Ağam padşah, o qadın budur, Elişanın diriltdiyi oğlu da yanındadır». |
6. | Padşah qadından soruşanda o, padşaha hər şeyi danışdı. Padşah ona bir saray xidmətçisi verib dedi: «Onun hər şeyini qaytar, ölkəni tərk etdiyi gündən indiyə qədər tarlasının yetirdiyi bütün məhsulu ona ver». |
7. | Elişa Dəməşqə gəldi. Aram padşahı Ben-Hadad xəstə idi. «Allah adamı buraya gəlib» deyə ona bildirdilər. |
8. | Padşah Xazaelə dedi: «Bir hədiyyə götürüb Allah adamını qarşılamağa get. “Bu xəstəlikdən sağalacağammı?” deyib onun vasitəsilə Rəbdən soruş». |
9. | Xazael onu qarşılamağa getdi. Əlindəki hədiyyə ilə birgə Dəməşqin bütün yaxşı şeylərindən qırx dəvə yükü hədiyyə götürüb gəldi və onun önündə durub dedi: «Oğlun Aram padşahı Ben-Hadad “Bu xəstəlikdən sağalacağammı?” deyib məni sənin yanına göndərdi». |
10. | Elişa ona dedi: «Get, ona “mütləq sağalacaqsan” söylə. Ancaq Rəbb mənə göstərdi ki, o mütləq öləcək». |
11. | Allah adamı Xazaeli utandırana kimi gözünü onun üzünə dikdi və sonra ağladı. |
12. | Xazael dedi: «Ağam nə üçün ağlayır?» O dedi: «Ona görə ki İsraillilərə sənin edəcəyin pisliyi bilirəm: onların qalalarına od vuracaqsan, cavanlarını qılıncla öldürəcəksən, uşaqlarını daşlara çırpacaqsan və hamilə qadınlarını doğrayacaqsan». |
13. | Xazael dedi: «Bu köpək qulun kimdir ki, bu böyük işi etsin?» Elişa dedi: «Rəbb mənə göstərdi ki, sən Aram üzərində padşah olacaqsan». |
14. | Xazael Elişanı tərk edib ağasının yanına gəldi. Ağası ondan soruşdu: «Elişa sənə nə dedi?» O cavab verdi: «Mənə dedi ki, sən mütləq sağalacaqsan». |
15. | Ertəsi gün Xazael bir örtük götürüb suya batırdı, ağasının üzünün üstünə çəkdi və o boğulub öldü. Onun yerinə Xazael padşah oldu. |
16. | İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının beşinci ilində, Yehoşafat Yəhuda padşahı olanda onun oğlu Yehoram da onunla birgə padşah oldu. |
17. | O, padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. |
18. | Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi. |
19. | Ancaq Rəbb Öz qulu Davudun xatirinə Yəhudalıları məhv etmək istəmədi, çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi. |
20. | Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular. |
21. | Yehoram bütün döyüş arabaları ilə birgə Sairə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı, lakin xalq öz torpağına qaçdı. |
22. | Beləcə Edomlular üsyan qaldırdılar, bu günə qədər də Yəhudanın əsarəti altında deyillər. Həmin vaxt Livnalılar da üsyan qaldırmışdılar. |
23. | Yehoramın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. |
24. | Yehoram ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axazya padşah oldu. |
25. | İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının on ikinci ilində Yehoram oğlu Axazya Yəhuda üzərində padşah oldu. |
26. | Axazya padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası İsrail padşahı Omrinin nəvəsi olub adı Atalya idi. |
27. | Axazya da Axav nəslinin yolu ilə getdi və onlar kimi Rəbbin gözündə pis olan işlər etdi, çünki Axav nəslinin kürəkəni idi. |
28. | O, Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladılar. |
29. | Padşah Yehoram Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o, yaralı idi. |
← 2Kings (8/25) → |