2Kings (6/25)  

1. Peyğəmbərlər Elişaya dedilər: «Bax indi sənin yanında qaldığımız yer bizə dardır.
2. Qoy İordan çayının kənarına gedək, hərəmiz bir ağac kəsib gətirək və qalmaq üçün orada özümüzə yer düzəldək». Elişa «gedin» dedi.
3. Onlardan biri dedi: «Xahiş edirəm, sən də bu qullarınla gəl». Elişa «gələrəm» deyib
4. onlarla getdi. Onlar İordan çayının kənarına gəldilər və ağac kəsməyə başladılar.
5. Onlardan biri ağac kəsərkən baltanın dəmiri suya düşdü. O qışqırıb dedi: «Vay, ağam! Onu borc almışdım».
6. Allah adamı dedi: «Hara düşdü?» O, Elişaya həmin yeri göstərdi. Elişa bir budaq kəsib oraya atdı və dəmir suyun üzərinə çıxdı.
7. Elişa «onu qaldır» dedi. Həmin adam əlini uzadıb onu qaldırdı.
8. Aram padşahı İsrailə qarşı vuruşduğu zaman əyanları ilə məsləhətləşib dedi: «Filan yerdə ordugah quracağam».
9. Allah adamı İsrail padşahına xəbər göndərib dedi: «O yerdən keçmə, çünki Aramlılar oraya enirlər».
10. İsrail padşahı Allah adamının dediyi yerə xəbər göndərdi. Beləcə padşah onun xəbərdarlıq etdiyi yerlərdə dəfələrlə özünü qorudu.
11. Aram padşahı bundan çox qəzəbləndi və əyanlarını çağırıb onlara dedi: «Mənə deyin görək, bizimkilərdən İsrail padşahına tərəfdar olan kimdir?»
12. Əyanlardan biri dedi: «Heç kim, ağam padşah. Bunları İsrail padşahına bildirən İsraildə olan peyğəmbər Elişadır. O hətta yataq otağında söylədiyin sözləri ona çatdırır».
13. Padşah dedi: «Gedin görün, o haradadır, mən onu bura gətirtdirəcəyəm». Padşaha «o, Dotandadır» deyə bildirdilər.
14. Padşah atlar, döyüş arabaları və çoxlu qoşun göndərdi və onlar gecə ikən gəlib şəhəri əhatəyə aldılar.
15. Allah adamının qulluqçusu səhər tezdən durub bayıra çıxdı və şəhərin ətrafında qoşunun, atların və döyüş arabalarının olduğunu gördü. O, Elişaya dedi: «Vay, ağam, nə edəcəyik?»
16. O dedi: «Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur».
17. Sonra Elişa dua edib dedi: «Ya Rəbb, onun gözlərini aç ki, görsün». Rəbb nökərin gözlərini açdı və o gördü ki, dağ odlu atlar və döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdı.
18. Qoşun ona tərəf enəndə Elişa Rəbbə dua edib dedi: «Bu adamları kor et». Elişanın sözünə görə Rəbb onları kor etdi.
19. Elişa onlara dedi: «Yol bu deyil, şəhər də bu deyil. Ardımca gəlin, sizi axtardığınız adamın yanına aparım». Elişa onları Samariyaya gətirdi.
20. Onlar Samariyaya girəndə Elişa dedi: «Ya Rəbb, onların gözlərini aç ki, görsünlər». Rəbb onların gözlərini açdı və onlar gördülər ki, Samariyanın ortasındadırlar.
21. İsrail padşahı onları görəndə Elişaya dedi: «Mənim atam, onları qırıb məhv edimmi?»
22. Elişa dedi: «Yox, qırma. Məgər bu adamları sən qılıncın və ox-kamanınla əsir etmisən ki, qırmağa haqqın olsun? Onların qabağına çörək və su qoy ki, yeyib-içsinlər və sonra öz ağalarının yanına getsinlər».
23. O, Aramlılar üçün böyük bir ziyafət verdi və onlar yeyib-içdilər. Sonra onları öz ağalarının yanına göndərdi. Aramlıların dəstələri bir daha İsrail torpağına gəlmədi.
24. Bir müddət sonra Aram padşahı Ben-Hadad bütün ordusunu toplayıb çıxdı və Samariyanı mühasirəyə aldı.
25. Samariyada böyük bir aclıq oldu. Çünki şəhəri o qədər mühasirədə saxlamışdılar ki, bir eşşək başı səksən şekel gümüşə və bir kabın dörddə biri qədər göyərçin peyini beş şekel gümüşə satılırdı.
26. Bir dəfə İsrail padşahı qala divarının üstündən keçəndə bir qadın fəryad edib ona dedi: «Ağam padşah, kömək et!»
27. Padşah dedi: «Rəbb sənə kömək etməsə, mən sənə necə kömək edim? Xırmandan yoxsa üzümsıxandan?»
28. Sonra padşah ona dedi: «Nə istəyirsən?» O dedi: «Bu qadın mənə demişdi: “Sən öz oğlunu ver, bu gün yeyək, mənim oğlumu isə sabah yeyərik”.
29. Oğlumu bişirib yedik. Ertəsi gün ona dedim: “Öz oğlunu ver, yeyək”. Ancaq o, oğlunu gizlətdi».
30. Padşah qadının sözlərini eşidəndə paltarını cırdı. O bu vaxt qala divarının üstündən keçirdi və xalq gördü ki, onun əynində çul var.
31. Padşah dedi: «Əgər bu gün Şafat oğlu Elişanın başı çiyni üstündə qalsa, Allah mənə beləsini və bundan betərini eləsin».
32. Elişa öz evində oturmuşdu, ağsaqqallar da onun yanında əyləşmişdi. Padşah hüzurundan bir qasid göndərdi. Amma qasid yanına gəlməzdən qabaq Elişa ağsaqqallara dedi: «Görürsünüzmü, bu qatil mənim boynumu vurmaq üçün adam göndərir! Baxın qasid gələndə qapını bağlayın və onu içəri buraxmayın. Onun arxasınca ağasının da ayaq səsləri gələcək!»
33. Elişa hələ danışarkən qasid onun yanına gəlib dedi: «Bax bu bəlanı göndərən Rəbdir. Nə üçün daha Rəbdən kömək gözləyək?»

  2Kings (6/25)