| ← 2Kings (3/25) → |
| 1. | Yəhuda padşahı Yehoşafatın padşahlığının on səkkizinci ilində Axav oğlu Yehoram Samariyada İsrail üzərində padşah oldu və on iki il padşahlıq etdi. |
| 2. | O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq atası və anası kimi deyildi, çünki atasının düzəltdiyi Baal sütununu yox etdi. |
| 3. | Ancaq Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan yapışdı, onlardan əl çəkmədi. |
| 4. | Moav padşahı Meşanın sürüsü var idi. O, İsrail padşahına yüz min quzu və yüz min qoçun yununu göndərərdi. |
| 5. | Axavın ölümündən sonra Moav padşahı İsrail padşahına qarşı üsyan qaldırdı. |
| 6. | O vaxt padşah Yehoram Samariyadan çıxdı və bütün İsrailliləri topladı. |
| 7. | O gedəndə Yəhuda padşahı Yehoşafata xəbər göndərib dedi: «Moav padşahı mənə qarşı üsyan qaldırdı. Moavlılara qarşı vuruşmaq üçün mənimlə birgə gedərsənmi?» Yehoşafat dedi: «Gedərəm, məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab elə». |
| 8. | Yehoram dedi: «Hansı yolla çıxaq?» O dedi: «Edom çölünün yolu ilə». |
| 9. | İsrail padşahı, Yəhuda padşahı və Edom padşahı gedib o yolu yeddi gün dolaşdılar. Əsgərlər və dallarınca gələn heyvanlar üçün su yox idi. |
| 10. | İsrail padşahı dedi: «Ay aman! Rəbb bu üç padşahı Moavlılara təslim etmək üçün bir yerə çağırıb». |
| 11. | Yehoşafat dedi: «Burada Rəbbin bir peyğəmbəri yoxdur ki, onun vasitəsilə Rəbdən soruşaq?» İsrail padşahının əyanlarından biri cavab verib dedi: «Şafat oğlu Elişa buradadır. O, İlyasın əlinə su tökərdi». |
| 12. | Padşah Yehoşafat dedi: «Onda Rəbbin sözü var». Sonra İsrail padşahı, Edom padşahı və Yehoşafat Elişanın yanına enib getdilər. |
| 13. | Elişa İsrail padşahına dedi: «Məndən sənə nə? Öz ata-ananın peyğəmbərlərinin yanına get». İsrail padşahı ona dedi: «Yox! Bu üç padşahı Moavlılara təslim etmək üçün Rəbb bir yerə çağırıb». |
| 14. | Elişa dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, Yəhuda padşahı Yehoşafata hörmət etməsəydim, sənin üzünə baxmazdım. |
| 15. | İndi mənim yanıma çəng çalan bir adam gətirin». Gətirilən adam çəng çalarkən Rəbbin əli Elişanın üzərinə gəldi. |
| 16. | O dedi: «Rəbb belə deyir: “Bu vadinin hər tərəfində xəndəklər qazın”. |
| 17. | Çünki Rəbb belə deyir: “Siz külək və yağış görməyəcəksiniz, amma bu vadi su ilə dolacaq. Siz, mal-qaranız və heyvanlarınız doyunca su içəcəksiniz”. |
| 18. | Bu, Rəbbin gözündə çox asan bir şeydir. O, Moavlıları da sizə təslim edəcək. |
| 19. | Bütün qalalı şəhərləri və seçmə şəhərləri dağıdacaqsınız, hər yaxşı ağacı kəsəcəksiniz, bütün bulaqların gözünü tutacaqsınız və hər yaxşı tarlanı daşlarla dolduracaqsınız». |
| 20. | Ertəsi gün səhər təqdim gətirilən zaman birdən Edom yolundan su gəldi və torpaq su ilə doldu. |
| 21. | Bütün Moavlılar eşitdilər ki, padşahlar onlarla vuruşmağa gəlir. Silah qurşana bilən hər kəsi və daha yaşlı adamları çağırdılar. Onlar sərhəddə dayandılar. |
| 22. | Moavlılar ertəsi gün səhər tezdən duran zaman günəş çıxıb suların üzərinə şəfəq salmışdı. Onlar qarşılarındakı suları qan kimi qırmızı gördülər. |
| 23. | O zaman dedilər: «Bu qandır, yəqin padşahlar vuruşub bir-birlərini qırıblar. İndi, ey Moavlılar, qarət etməyə gedək!» |
| 24. | Onlar İsrail ordugahına gəldilər. İsraillilər qalxıb Moavlıları qırdılar və Moavlılar onların qabağından qaçmağa başladılar. İsraillilər qalxıb Moav torpağını viran etmək üçün hücum etdilər. |
| 25. | Onlar şəhərləri dağıtdılar, hər yaxşı tarlanı daşlarla doldurdular, bütün bulaqların gözünü tutdular və hər yaxşı ağacı kəsdilər. Yalnız Qir-Xaresetin daşları yerində qaldı, ancaq sapandçılar onu da mühasirəyə alıb vurdular. |
| 26. | Moav padşahı döyüşdə məğlub olduğunu görəndə özü ilə yeddi yüz nəfər əli qılınclı adam götürdü. Onlar Edom padşahının qoşununu yarmaq istədilər, ancaq bunu edə bilmədilər. |
| 27. | Sonra o, vəliəhd olan ilk oğlunu götürüb divarın üzərində yandırma qurbanı gətirdi. Onda İsraillilərə qarşı böyük bir qəzəb oyandı, onlar da oranı tərk edib öz ölkələrinə qayıtdılar. |
| ← 2Kings (3/25) → |