2Kings (21/25)  

1. Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi. Anasının adı Xefsivah idi.
2. O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyrənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi.
3. Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi. İsrail padşahı Axav kimi Baal bütü üçün qurbangahlar qurdu və Aşera bütü düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi.
4. Rəbbin «adımı Yerusəlimdə qoyacağam» dediyi məbədində Menaşşe qurbangahlar tikməyə başladı.
5. Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi.
6. O, oğlunu oda qurban verdi, gələcəyi dedi, baxıcılıq edib cindarlara və ruhçağıranlara müraciət etdi. Beləliklə, Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi.
7. Düzəltdiyi oyma Aşera bütünü məbədə qoydu. Rəbb Davuda və oğlu Süleymana demişdi: «Bu məbəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımı əbədi qoyacağam.
8. Əgər Mənim onlara buyurduqlarıma və qulum Musanın onlara əmr etdiyi bütün Qanuna əməl etsələr, İsrailliləri atalarına verdiyim torpaqdan didərgin düşməyə qoymayacağam».
9. Ancaq onlar bu sözlərə qulaq asmadılar. İsrail övladlarının önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün Menaşşe onları yoldan çıxartdı.
10. Rəbb Öz qulları peyğəmbərlər vasitəsilə dedi:
11. «Yəhuda padşahı Menaşşe bu iyrənc işləri etməklə özündən əvvəlki Emorluların etdiklərindən də çox pislik etdi və bütləri ilə Yəhudalılara da günah etdirdi.
12. Buna görə də İsrailin Allahı Rəbb belə deyir: “Mən Yerusəlimin və Yəhudanın üzərinə elə bir bəla gətirəcəyəm ki, bunu eşidən hər kəsin qulaqları cingildəyəcək.
13. Samariyanı ölçdüyüm ipi və Axav nəslinin üstünə çəkdiyim şaqulu Yerusəlimin üzərinə də çəkəcəyəm. Bir nəfər boşqabı necə silib üzüstə çevirirsə, Mən də Yerusəlimi elə siləcəyəm.
14. İrsimin qalanlarından üz döndərəcəyəm, onları düşmənlərinə təslim edəcəyəm və düşmənləri onları soyub talan edəcək.
15. Çünki gözümdə pis olan işlər edirdilər və ataları Misirdən çıxdıqları gündən bu günə qədər Məni qəzəbləndirirdilər”».
16. Menaşşe Rəbbin gözündə pis olan işlər edərək Yəhudalılara etdirdiyi günahdan başqa çoxlu günahsız qan töküb Yerusəlimi başdan-başa qana buladı.
17. Menaşşenin qalan işləri, etdiyi hər şey və elədiyi günah barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
18. Menaşşe ataları ilə uyudu və öz sarayının bağçasında – Uzza bağçasında basdırıldı. Onun yerinə oğlu Amon padşah oldu.
19. Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi. Anası Yotvalı Xarusun qızı olub adı Meşullemet idi.
20. O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
21. Atasının yolu ilə gedib onun qulluq etdiyi bütlərə səcdə və qulluq etdi.
22. Atalarının Allahı Rəbbi tərk etdi və Rəbbin yolu ilə getmədi.
23. Amonun əyanları ona qəsd hazırladılar və padşahı sarayında öldürdülər.
24. Ölkə xalqı padşah Amona qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi.
25. Amonun qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
26. O, Uzza bağçasında, öz qəbrində basdırıldı. Onun yerinə oğlu Yoşiya padşah oldu.

  2Kings (21/25)