| ← 2Kings (2/25) → |
| 1. | Rəbb İlyası qasırğa ilə göyə qaldırmazdan əvvəl İlyas və Elişa Qilqaldan getdilər. |
| 2. | Onda İlyas Elişaya dedi: «Burada qal, çünki Rəbb məni Bet-Elə göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar Bet-Elə getdilər. |
| 3. | Bet-Eldə olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər: «Rəbbin bu gün sənin ağanı başının üstündən götürəcəyini bilirsənmi?» O dedi: «Bəli, bilirəm, susun». |
| 4. | İlyas ona dedi: «Elişa, burada qal, çünki Rəbb məni Yerixoya göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar Yerixoya gəldilər. |
| 5. | Yerixoda olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər: «Bilirsənmi, Rəbb bu gün ağanı sənin başın üstündən götürəcək?» O dedi: «Bəli, bilirəm, susun!» |
| 6. | İlyas ona dedi: «Burada qal, çünki Rəbb məni İordan çayının yanına göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar getdilər. |
| 7. | Peyğəmbərlərdən əlli adam gedib uzaqda onların qarşısında dayandı. Onlar da İordan çayının yanında dayandılar. |
| 8. | İlyas cübbəsini götürdü və onu büküb suya vurdu. Su iki yerə ayrıldı və onlar quru yerin üstündən keçdilər. |
| 9. | Onlar keçəndən sonra İlyas Elişaya dedi: «Mən sənin yanından götürülməzdən əvvəl məndən bir şey istə, sənin üçün nə edim?» Elişa dedi: «Qoy indi səndə olan ruh ikiqat artıq məndə olsun». |
| 10. | İlyas dedi: «Sən çətin bir şey istədin. Əgər sənin yanından götürüldüyümü görsən, səninlə belə olacaq, yoxsa bu olmayacaq». |
| 11. | Onlar danışa-danışa gedərkən qəflətən odlu bir araba və odlu atlar göründü, onları bir-birindən ayırdı və İlyas qasırğa ilə göyə qaldırıldı. |
| 12. | Elişa bunu görüb qışqırdı: «Atam, ey atam! İsrailin arabası və atlıları!» O, İlyası daha görməyəndə öz paltarını götürdü və onu cırıb iki yerə böldü. |
| 13. | Sonra İlyasın əynindən düşən cübbəni götürüb geri döndü və İordan çayının sahilində dayandı. |
| 14. | İlyasın əynindən düşən cübbəni götürüb suya vurdu və dedi: «İlyasın Allahı Rəbb haradadır?» O da cübbəni suya vuranda su iki yerə ayrıldı. Elişa oradan keçdi. |
| 15. | Yerixoda olan peyğəmbərlər onu uzaqdan görüb dedilər: «İlyasın ruhunun gücü Elişanın üstünə qondu». Onlar Elişanı qarşılamağa gələrək önündə yerə qədər təzim etdilər. |
| 16. | Ona dedilər: «Bu qullarının yanında əlli igid var, qoy gedib ağanı axtarsınlar. Bəlkə Rəbbin Ruhu onu qaldırıb dağların yaxud da dərələrin birinə atmışdır?» Elişa dedi: «Göndərməyin». |
| 17. | Amma onlar o qədər inad etdilər ki, Elişa utanıb dedi: «Göndərin». Əlli nəfər göndərdilər və onlar üç gün axtardılar, ancaq İlyası tapa bilmədilər. |
| 18. | Sonra Yerixoda qalan Elişanın yanına qayıtdılar. Elişa onlara dedi: «Mən sizə demədim ki, getməyin?» |
| 19. | Şəhərin adamları Elişaya dedilər: «Ağamın gördüyü kimi bu şəhərin yeri yaxşıdır, ancaq suyu pisdir, torpağı bəhər vermir». |
| 20. | O dedi: «Mənə təzə bir qab gətirin və onun içinə duz qoyun». Bunu ona gətirdilər. |
| 21. | O, bulağa çıxdı, duzu oraya atıb dedi: «Rəbb belə deyir: “Bu suları pak edirəm, artıq onda ölüm və bəhərsizlik olmayacaq”». |
| 22. | Elişanın söylədiyi sözə görə bu su indiyə qədər də pak qalır. |
| 23. | Elişa oradan Bet-Elə qalxdı. O, yola düşəndə kiçik oğlanlar şəhərdən çıxdılar və onu lağa qoyub dedilər: «Rədd ol, keçəl, rədd ol, keçəl!» |
| 24. | O arxaya dönüb oğlanları gördü və onları Rəbbin adı ilə lənətlədi. Meşədən iki dişi ayı çıxıb onlardan qırx iki nəfəri parçaladı. |
| 25. | Elişa oradan Karmel dağına getdi, oradan da Samariyaya qayıtdı. |
| ← 2Kings (2/25) → |