| ← 2Kings (15/25) → |
| 1. | İsrail padşahı Yarovamın padşahlığının iyirmi yeddinci ilində Yəhuda padşahı Amasyanın oğlu Azarya padşah oldu. |
| 2. | O padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi. |
| 3. | Azarya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. |
| 4. | Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. |
| 5. | Rəbb padşaha bəla göndərdi, o, ölüm gününə qədər cüzamlı oldu. Padşah başqa bir evdə yaşayırdı. Onun oğlu Yotam isə saraya başçılıq edərək ölkə xalqına hökm edirdi. |
| 6. | Azaryanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. |
| 7. | Azarya ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Yotam padşah oldu. |
| 8. | Yəhuda padşahı Azaryanın padşahlığının otuz səkkizinci ilində Yarovam oğlu Zəkəriyyə Samariyada İsrail üzərində padşah oldu və altı ay padşahlıq etdi. |
| 9. | O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. |
| 10. | Yaveş oğlu Şallum ona qəsd hazırladı, onu xalqın qabağında vurub öldürdü və yerinə padşah oldu. |
| 11. | Zəkəriyyənin qalan işləri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. |
| 12. | Rəbbin Yehuya «dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaqlar» deyə söylədiyi sözə görə belə oldu. |
| 13. | Yəhuda padşahı Uzziyanın padşahlığının otuz doqquzuncu ilində Yaveş oğlu Şallum padşah oldu və Samariyada bir ay padşahlıq etdi. |
| 14. | Qadi oğlu Menaxem Tirsadan çıxıb Samariyaya gəldi. Samariyada Yaveş oğlu Şallumu vurub öldürdü və yerinə padşah oldu. |
| 15. | Şallumun qalan işləri və necə qəsd hazırladığı barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. |
| 16. | O vaxt Menaxem Tirsadan çıxıb Tifsahda və onun ətrafında yaşayanların hamısını qırdı. Darvazaları onun üzünə açmadıqlarına görə onları məhv etdi və orada olan bütün hamilə qadınları doğradı. |
| 17. | Yəhuda padşahı Azaryanın padşahlığının otuz doqquzuncu ilində Qadi oğlu Menaxem İsrail üzərində padşah oldu və Samariyada on il padşahlıq etdi. |
| 18. | O, Rəbbin gözündə pis olan işlər etdi və bütün ömrü boyu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. |
| 19. | Aşşur padşahı Pul ölkəyə hücum etdi. Menaxem ona min talant gümüş verdi ki, padşahlığını möhkəmləndirmək üçün Pul onunla müttəfiq olsun. |
| 20. | Menaxem Aşşur padşahına vermək üçün İsrailin varlı adamlarının hamısından gümüş yığdı, onların hər birindən əlli şekel gümüş aldı. Onda Aşşur padşahı bu ölkədə qalmayıb geri qayıtdı. |
| 21. | Menaxemin qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. |
| 22. | Menaxem ataları ilə uyudu və yerinə oğlu Peqahya padşah oldu. |
| 23. | Yəhuda padşahı Azaryanın padşahlığının əllinci ilində Menaxem oğlu Peqahya Samariyada İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi. |
| 24. | O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. |
| 25. | Peqahyanın mühafizəçilər rəisi Remalya oğlu Peqah ona qəsd hazırladı, Gileadlılardan əlli nəfərin köməyi ilə Samariyada sarayın qalasında onu Arqov və Arye ilə birgə vurub öldürdü və onun yerinə padşah oldu. |
| 26. | Peqahyanın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. |
| 27. | Yəhuda padşahı Azaryanın padşahlığının əlli ikinci ilində Remalya oğlu Peqah Samariyada İsrail üzərində padşah oldu və iyirmi il padşahlıq etdi. |
| 28. | O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. |
| 29. | İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi. |
| 30. | Ela oğlu Huşə Remalya oğlu Peqaha qəsd hazırladı, onu vurub öldürdü və Uzziya oğlu Yotamın padşahlığının iyirminci ilində onun yerinə padşah oldu. |
| 31. | Peqahın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. |
| 32. | İsrail padşahı Remalya oğlu Peqahın padşahlığının ikinci ilində Uzziya oğlu Yotam Yəhuda üzərində padşah oldu. |
| 33. | O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoq qızı Yeruşa idi. |
| 34. | Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. |
| 35. | Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi. |
| 36. | Yotamın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. |
| 37. | Rəbb o dövrdə Aram padşahı Resini və Remalya oğlu Peqahı Yəhudalıların üstünə göndərməyə başladı. |
| 38. | Yotam ataları ilə uyudu və babası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axaz padşah oldu. |
| ← 2Kings (15/25) → |