| ← 2Kings (14/25) → |
| 1. | İsrail padşahı Yehoaxaz oğlu Yoaşın padşahlığının ikinci ilində Yəhuda padşahı Yoaşın oğlu Amasya padşah oldu. |
| 2. | O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yehoaddan idi. |
| 3. | Amasya atası Yoaşın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, amma babası Davud kimi deyildi. |
| 4. | Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. |
| 5. | Padşahlıq əlində möhkəmlənəndə Amasya padşah olan atasını öldürmüş əyanları öldürdü. |
| 6. | Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: «Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə ölməlidir». |
| 7. | O, on min nəfər Edomlunu Duz dərəsində qırıb Selanı müharibə ilə aldı. Onun adını Yoqteel qoydu və bu günə qədər də belədir. |
| 8. | O vaxt Amasya İsrail padşahı Yehu oğlu Yehoaxaz oğlu Yoaşın yanına qasidlər göndərib dedi: «Gəl, qarşılaşaq». |
| 9. | İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verib dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərib “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı. |
| 10. | Əlbəttə, sən Edomluları qırdın və ürəyin qürurlandı. Bununla öyün və öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münaqişəyə atılırsan?» |
| 11. | Ancaq Amasya qulaq asmadı. İsrail padşahı Yoaş çıxıb Yəhuda padşahı Amasya ilə Yəhudada olan Bet-Şemeşdə qarşılaşdı. |
| 12. | Yəhudalılar İsraillilərin önündə məğlub oldular və hər kəs öz evinə qaçdı. |
| 13. | İsrail padşahı Yoaş Yəhuda padşahı Axazya oğlu Yoaş oğlu Amasyanı Bet-Şemeşdə tutdu. Yoaş Yerusəlimə gəlib şəhər divarının Efrayim darvazasından Künc darvazasına qədər dörd yüz qulacını uçurdu. |
| 14. | Rəbbin məbədində və sarayın xəzinələrində tapılan bütün qızıl-gümüşü, bütün əşyaları apardı. Girov olaraq tutduğu adamları da götürüb Samariyaya qayıtdı. |
| 15. | Yoaşın qalan işləri, onun hünəri və Yəhuda padşahı Amasya ilə necə vuruşduğu barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. |
| 16. | Yoaş ataları ilə uyudu və Samariyada İsrail padşahlarının yanında basdırıldı. Onun yerinə oğlu Yarovam padşah oldu. |
| 17. | Yəhuda padşahı Yoaş oğlu Amasya İsrail padşahı Yehoaxaz oğlu Yoaşın ölümündən sonra on beş il yaşadı. |
| 18. | Amasyanın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. |
| 19. | Yerusəlimdə Amasyaya qəsd hazırladılar. O, Lakişə qaçdı. Lakişə onun dalınca adamlar göndərib orada onu öldürdülər. |
| 20. | Onu atlar üstündə gətirib Yerusəlimdə, Davudun şəhərində, atalarının yanında basdırdılar. |
| 21. | Bütün Yəhuda xalqı on altı yaşlı Azaryanı götürüb atası Amasyanın yerinə padşah etdi. |
| 22. | Padşah ataları ilə uyuduqdan sonra o, Elatı Yəhudaya qaytarıb oranı tikdi. |
| 23. | Yəhuda padşahı Yoaş oğlu Amasyanın padşahlığının on beşinci ilində Yoaş oğlu Yarovam Samariyada İsrail üzərində padşah oldu və qırx bir il padşahlıq etdi. |
| 24. | O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi bütün günahlardan əl çəkmədi. |
| 25. | Qulu Qat-Xeferli peyğəmbər Amittay oğlu Yunus vasitəsilə İsrailin Allahı Rəbbin söylədiyi sözə görə o, Xamat keçidindən Arava dənizinə qədər İsrail torpaqlarını geri aldı. |
| 26. | Çünki Rəbb İsraillilərin acı fəlakətini görmüşdü: istər kölə olsun, istər azad, İsraillilərə kömək edən bir kəs olmadı. |
| 27. | Rəbb heç vaxt İsrailin adını göylər altından siləcəyini deməmişdi, buna görə də Yoaş oğlu Yarovamın vasitəsilə onlara qurtuluş verdi. |
| 28. | Yarovamın qalan işləri, etdiyi hər şey, onun hünəri, necə vuruşduğu və əvvəllər Yəhudaya məxsus olan Dəməşqi və Xamatı İsrailə necə qaytarması barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. |
| 29. | Yarovam ataları İsrail padşahları ilə uyudu və yerinə oğlu Zəkəriyyə padşah oldu. |
| ← 2Kings (14/25) → |