2John (1/1) |
1. | Mən ağsaqqaldan həqiqətə görə sevdiyim seçilmiş xanıma və onun övladlarına salam! Yalnız mən deyil, həqiqəti dərk edənlərin hamısı sizi sevir. |
2. | Çünki həqiqət daxilimizdə qalır və əbədi olaraq bizimlə olacaq. |
3. | Ata Allahdan və Atanın Oğlu İsa Məsihdən olan lütf, mərhəmət, sülh də həqiqət və məhəbbət əsasında bizimlə olacaq. |
4. | Sənin övladlarının arasında Atadan aldığımız əmrə uyğun olaraq həqiqətə görə həyat sürənlərə rast gələndə çox sevindim. |
5. | Ey xanım, indi də səndən xahiş edirəm ki, bir-birimizi sevək. Sənə yazdığım yeni bir əmr deyil, əvvəldən bəri malik olduğumuz əmrdir. |
6. | Məhəbbət Atanın əmrlərinə görə həyat sürməyimizi tələb edir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə həyat sürəsiniz. |
7. | Çünki dünyada çoxlu yalançı meydana çıxıb ki, İsa Məsihin cismən gəldiyini iqrar etmir. Bunu edən şəxs yalançı və Məsih əleyhdarıdır. |
8. | Özünüzü qoruyun ki, bizim çəkdiyimiz zəhməti bada verməyib tam mükafatı əldə edəsiniz. |
9. | Həddi aşıb Məsihin təliminə sadiq qalmayan hər kəs Allaha malik deyil, həmin təlimə sadiq qalan kəs isə həm Ataya, həm də Oğula malikdir. |
10. | Əgər bir kəs yanınıza gəlib sizə bu təlimi öyrətməsə, onu qonaq qəbul etməyin və onunla salamlaşmayın. |
11. | Çünki onunla salamlaşan kəs onun şər əməllərinə şərik olur. |
12. | Sizə yazılası çox sözüm var, amma bunları kağız və mürəkkəblə bildirmək istəmədim. Lakin ümid edirəm ki, özüm yanınıza gəlib sizinlə üz-üzə söhbət edim və beləcə sevincimiz tamam olsun. |
13. | Sənin seçilmiş bacının övladları sənə salam göndərir. |
2John (1/1) |