| ← 2Corinthians (9/13) → |
| 1. | Müqəddəslərə göstəriləcək yardımla əlaqədar sizə yazmağıma ehtiyac yoxdur. |
| 2. | Çünki yardım etməyə həvəsiniz olduğunu bilirəm. Axayyada olan sizlərin keçən ildən bəri hazırlıqlı olduğunuzu söyləyərək Makedoniyalılar qarşısında fəxr etməkdəyəm. Sizin səyiniz onların çoxunu hərəkətə gətirdi. |
| 3. | Sizinlə etdiyimiz fəxr bu işdə boşa çıxmasın deyə qardaşları yanınıza göndərirəm və dediyim kimi gərək hazır olasınız. |
| 4. | Belə ki bəzi Makedoniyalılar mənimlə gəlib sizin hazır olmadığınızı görərsə, sizə etibar etdiyimizə görə nə biz utanaq, nə də siz. |
| 5. | Ona görə də mən qardaşlardan xahiş etməyə ehtiyac duyuram ki, məndən əvvəl yanınıza gəlib vəd edilmiş bol bəxşişlərinizi qabaqcadan hazır etsinlər. Qoy bu bəxşişlər istismarçılıqla yox, könüllü surətdə hazır olsun. |
| 6. | Yadda saxlayın: az əkən az, bol-bol əkən bol-bol biçəcək. |
| 7. | Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir. |
| 8. | Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun. |
| 9. | Necə ki yazılıb: «Səpələyər, fəqirlərə paylayar, Salehliyi əbədi qalar». |
| 10. | Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq. |
| 11. | Hər tərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz bizim vasitəmizlə Allaha şükür etməyə səbəb olacaq. |
| 12. | Çünki etdiyiniz bu xidmət yalnız müqəddəslərin ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də Allaha edilən çox şükürlərlə aşıb-daşır. |
| 13. | Bu xidmətlə sübut etdiyiniz kimi, iqrar etdiyiniz Məsihin Müjdəsinə itaət göstərdiyinizə, onlara və hamıya səxavətlə yardım göndərdiyinizə görə Allahı izzətləndirirlər. |
| 14. | Allahın sizə bəxş etdiyi hədsiz lütfə görə hər birinizin həsrətini çəkərək sizin üçün dua edirlər. |
| 15. | Allahın sözlə ifadə oluna bilməyən bəxşişinə görə Ona şükür olsun! |
| ← 2Corinthians (9/13) → |