| ← 2Corinthians (6/13) → | 
| 1. | Buna görə Allahla birgə işləyən bizlər rica edirik ki, Onun lütfünü boş yerə qəbul etməyəsiniz. | 
| 2. | Çünki O deyir: «Münasib vaxtda səni eşitdim, Xilas günü sənə kömək etdim». Budur, indi münasib vaxt, budur, indi xilas günü. | 
| 3. | Xidmətimiz etibardan düşməsin deyə heç kimi büdrədən bir şey etmirik. | 
| 4. | Əksinə, Allahın xidmətçisi olaraq hər şeydə özümüz barədə zəmanət veririk; hədsiz dözümdə, əziyyətlərdə, ehtiyaclarda, sıxıntılarda, | 
| 5. | döyüləndə, həbslərdə, qarışıqlıqlarda, zəhmətdə, yuxusuz qalanda, aclıqlarda, | 
| 6. | pak yaşayanda, bilikdə, səbirdə, xeyirxahlıqda, Müqəddəs Ruhda, riyasız məhəbbətdə, | 
| 7. | həqiqəti elan edəndə, Allahın qüvvəsində, həm sağ, həm də sol əllərimizdə salehlik silahları ilə, | 
| 8. | gah ucalıb gah alçalaraq təhqir olunanda, təriflənəndə özümüz özümüzə zamin dururuq. Bizi yalançı sayırlar, amma biz doğruçuyuq. | 
| 9. | Sanki naməlumuq, amma tanınırıq. Elə bil ölümün ağzındayıq, amma hələ yaşayırıq. Elə bil cəza çəkirik, amma öldürülmürük. | 
| 10. | Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik. | 
| 11. | Ey Korinflilər, sizinlə açıq danışırıq, sizə ürəyimizi açmışıq. | 
| 12. | Bizimlə yaxın münasibətinizə mane olan biz deyilik, bu maneə sizin daxili hisslərinizdədir. | 
| 13. | Buna cavab olaraq, sizə övladlarım kimi deyirəm: siz də ürəyinizi açın. | 
| 14. | İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var? | 
| 15. | Məsihlə Belialın nə uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var? | 
| 16. | Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi: «Mən aralarında yaşayıb-dolanacağam, Onların Allahı olacağam, Onlar da Mənim xalqım olacaq». | 
| 17. | Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir, «Murdar şeylərə toxunmayın»; «Mən də sizi qəbul edəcəyəm». | 
| 18. | «Mən sizə Ata olacağam, Siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir. | 
| ← 2Corinthians (6/13) → |