← 2Corinthians (5/13) → |
1. | Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var. |
2. | İndi isə səmavi məskənimiz üstümüzü örtsün deyə həsrət çəkərək inləyirik. |
3. | Soyunuruqsa da, lüt-üryan qalmarıq. |
4. | Bu dünyəvi çadırda ikən hamımız ağır yük altında inləyirik. Çünki soyunmamızı deyil, üstümüzün örtülməsini istəyirik ki, həyat fani şeyləri yeyib-udsun. |
5. | Bizi məhz bunun üçün hazırlaşdıran Allahdır. O, Ruhunu bizə girov verdi. |
6. | Buna görə həmişə arxayınlığımız var, həm də bilirik ki, bu bədəndə məskunlaşdıqca Rəbdən uzağıq. |
7. | Gözlə görünənə deyil, imana görə həyat sürürük. |
8. | Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq. |
9. | Buna görə bədəndə məskun və yaxud bədəndən uzaq olmağımıza baxmayaraq, məqsədimiz Rəbbi razı salmaqdır. |
10. | Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq. |
11. | Demək, Rəbdən qorxmanın nə olduğunu anladığımız üçün insanları inandırmağa çalışırıq. Allaha bizim kim olduğumuz aşkardır və ümidvaram ki, sizin vicdanınıza da aşkardır. |
12. | Sizə özümüz barədə yenə zəmanət vermək istəmirik, amma ürəkləri ilə deyil, zahiri görünüşləri ilə öyünənlərə cavab verə biləsiniz deyə bizimlə fəxr etməniz üçün sizə imkan yaradırıq. |
13. | Əgər ağlımızı itirmişiksə, bu, Allah üçündür, yox, əgər ağlımız başımızdadırsa, bu sizin üçündür. |
14. | Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü. |
15. | Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar. |
16. | Bunun nəticəsində də biz artıq heç kimi bəşəri nöqteyi-nəzərdən tanımırıq. Nə vaxtsa Məsihi bəşəri nöqteyi-nəzərdən tanısaq da, indi Onu elə tanımırıq. |
17. | Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi. |
18. | Bunların hamısı Allahdandır. O, Məsih vasitəsilə bizi Özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi. |
19. | Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi. |
20. | Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın. |
21. | Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq. |
← 2Corinthians (5/13) → |