| ← 2Corinthians (4/13) → |
| 1. | Beləliklə, bizə verilən mərhəmətlə bu xidmətə təyin olunduğumuz üçün ümidimizi itirmirik. |
| 2. | Xəcalət gətirən gizli yolları rədd etmişik. Hiylə işlətmirik, Allahın sözünü təhrif etmirik, amma həqiqəti açıq elan etməklə Allahın önündə, hər insanın vicdanı qarşısında özümüz barədə zəmanət veririk. |
| 3. | Əgər yaydığımız Müjdə qapalıdırsa, yalnız həlak olanlar üçün qapalıdır. |
| 4. | Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın. |
| 5. | Biz özümüzü yox, İsa Məsihi Rəbb olaraq vəz edirik. Özümüzü isə İsa naminə qullarınız olaraq təqdim edirik. |
| 6. | Çünki «zülmətdən işıq parlayacaq» deyən Allah ürəyimizə nur saçdı ki, İsa Məsihin üzündən saçan Öz ehtişamını tanımağımızdan doğan nuru bizə versin. |
| 7. | Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq. |
| 8. | Hər tərəfdən əziyyət çəkirik, amma əzilmirik. Çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik. |
| 9. | Təqib olunuruq, amma tərk edilmirik. Yıxıdılırıq, amma yox olmuruq. |
| 10. | İsanın ölümünü bədənimizdə həmişə daşıyırıq ki, Onun həyatı bədənimizdə aydın görünsün. |
| 11. | Çünki İsanın həyatı fani cismimizdə aydın görünsün deyə biz yaşaya-yaşaya İsa üçün həmişə ölümə təslim edilirik. |
| 12. | Beləliklə, ölüm bizdə, həyat isə sizdə fəaliyyət göstərir. |
| 13. | «İman etdim, buna görə danışdım» deyə yazıldığı üçün eyni iman ruhuna sahib olaraq biz də iman edir və buna görə danışırıq. |
| 14. | Çünki bilirik ki, Rəbb İsanı dirildən Allah bizi də İsa ilə birlikdə dirildib sizinlə birgə Öz hüzuruna çıxaracaq. |
| 15. | Bütün bunlar sizə görədir. Belə ki Allahın lütfü çoxalıb daha çox insana ehsan olunsun və Onun izzəti üçün daha çox şükür edilsin. |
| 16. | Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir. |
| 17. | Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. |
| 18. | Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir. |
| ← 2Corinthians (4/13) → |