| ← 2Corinthians (3/13) → |
| 1. | Özümüz barədə yenə zəmanət veririkmi? Yoxsa bəziləri kimi sizə yazılan və yaxud sizin yazdığınız zəmanət məktublarına ehtiyacımız var? |
| 2. | Bütün insanların tanıdığı, oxuduğu, ürəklərimizə yazılmış məktubumuz sizsiniz. |
| 3. | Xidmətimizin nəticəsi olan bir Məsih məktubu olduğunuz aydın görünür; bu məktub mürəkkəblə yox, var olan Allahın Ruhu ilə daş lövhələrə deyil, ət ürəklərə yazılıb. |
| 4. | Məsih sayəsində Allah hüzurunda belə etibarımız var. |
| 5. | Özümüzdən yaranan qabiliyyətimiz yoxdur və bunu iddia da edə bilmərik. Bizə qabiliyyət verən Allahdır. |
| 6. | O bizi Yeni Əhdin xidmətçiləri olmaq üçün qabiliyyətli etdi. Bu Yeni Əhd yazılı Qanuna deyil, Ruha əsaslanır. Çünki yazılı Qanun öldürür, Ruh isə həyat verir. |
| 7. | Ölümlə nəticələnən xidmət, yəni daş lövhələr üzərində həkk olunan yazılı Qanun elə ehtişamla gəldi ki, Musanın üzündən parlayan ehtişam ötəri olduğu halda İsrail övladları onun üzünə baxa bilmirdilər. |
| 8. | Onda Ruha əsaslanan xidmət daha da ehtişamlı olmazmı? |
| 9. | Əgər insanı məhkum edən xidmətin ehtişamı varsa, salehlik qazandıran xidmətin ehtişamı nə qədər çoxdur. |
| 10. | Çünki əvvəllər ehtişamlı olanın indi hədsiz ehtişamı olanla müqayisədə ehtişamı yoxdur. |
| 11. | Əgər ötəri olan ehtişamla gəldisə, daimi olanın ehtişamı daha da böyükdür. |
| 12. | Belə bir ümidə sahib olduğumuz üçün böyük cəsarətlə danışa bilərik. |
| 13. | İsrail övladları onun üzündəki ötəri ehtişamın keçib-getməsinə baxmasın deyə üzünə niqab çəkən Musa kimi deyilik. |
| 14. | İsrail övladları fikirlərində inadkar oldu. Bu günə qədər Köhnə Əhd oxunarkən onları eyni niqab qapayır, açılmır, çünki bu yalnız Məsih vasitəsilə götürülür. |
| 15. | Hətta bu günə qədər Musanın Yazıları nə vaxt oxunursa, onların ürəklərini bir niqab qapayır. |
| 16. | Amma kim Rəbbə tərəf dönürsə, o vaxt niqab aradan qaldırılır. |
| 17. | Rəbb Ruhdur, Rəbbin Ruhu haradadırsa, azadlıq da oradadır. |
| 18. | Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır. |
| ← 2Corinthians (3/13) → |