2Corinthians (12/13)  

1. Faydalı olmasa da, öyünməliyəm. İndi Rəbdən gələn görüntülərə və vəhylərə keçirəm.
2. Məsihdə olaraq on dörd il bundan əvvəl – bədəndəmi, yoxsa bədəndən xaricmi, mən bilmirəm, Allah bilir – götürülüb göyün üçüncü qatına aparılan bir insanı tanıyıram.
3. Bilirəm ki, bu adam – bədəndəmi, yoxsa bədəndən kənarmı, mən bilmirəm, Allah bilir –
4. cənnətə aparılıb orada dillə ifadə olunmayan, insanın danışması qadağan olunan sözlər eşitdi.
5. Belə birisi ilə öyünəcəyəm, amma özümlə əlaqədar olaraq zəifliyimdən başqa bir şeylə öyünməyəcəyəm.
6. Öyünmək istəsəm belə, ağılsız olmayacağam. Çünki həqiqəti deyəcəyəm. Amma heç kim məni görüb eşitdiyindən artıq bir şəxs saymasın deyə öyünməkdən çəkinirəm.
7. Aldığım vəhylərin üstünlüyü ilə qürurlanmayım deyə cismim üçün bir tikan, yəni mənə əzab vermək üçün Şeytanın bir elçisi göndərildi ki, qürurlanmayım.
8. Bunun məndən uzaq olması üçün üç dəfə Rəbbə yalvardım.
9. Amma O mənə dedi: «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur». Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm.
10. Ona görə də Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaclara, təqiblərə və sıxıntılara məmnuniyyətlə dözürəm, çünki mən zəifləyəndə qüvvətlənirəm.
11. Mən ağılsızlaşdım, çünki siz məni vadar etdiniz. Amma siz mənim barəmdə zəmanət verməli idiniz. Çünki özüm bir şey olmasam da, həmin «böyük həvarilər»dən heç də geri qalmıram.
12. Həvariliyimin nişanələri aranızda əlamətlər, xariqələr və möcüzələr vasitəsilə, böyük dözümlülüklə göstərildi.
13. Mən sizə yük olmadım, bundan başqa sizin digər cəmiyyətlərdən nə əskiyiniz var? Bu haqsızlığımı bağışlayın!
14. Budur, üçüncü dəfə yanınıza gəlməyə hazıram. Sizə yük olmayacağam, çünki sizdən heç nə istəmirəm, yalnız sizi istəyirəm. Axı övladların ata-ana üçün deyil, ata-ananın övladları üçün ehtiyat görməsi doğru sayılır.
15. Mən də sizin həyatınız uğrunda sevinə-sevinə malımdan və canımdan keçəcəyəm. Sizi daha da çox sevsəm, daha az seviləcəyəmmi?
16. Qoy belə olsun. Düşünürsünüz ki, mən sizə ağır yük olmadım, amma çoxbilmiş olduğuma görə sizi fənd işlədərək aldatdım.
17. Yanınıza göndərdiyim adamlardan hansı biri ilə sizi istismar etdim?
18. Titi yanınıza gəlmək həvəsinə saldım və o biri qardaşı da onunla göndərdim. Tit mənə görə sizi istismar etmədi, elə deyilmi? Eyni ruhda həyat sürmədikmi? Eyni izlə getmədikmi?
19. Bu vaxta qədər qarşınızda özümüzü müdafiə etdiyimizi düşünürsünüzmü? Allahın qarşısında, Məsihdə olaraq danışırıq. Sevimlilər, etdiyimiz hər şey sizin inkişafınız üçündür.
20. Qorxuram ki, gəlişimdə sizi istədiyim vəziyyətdə tapmayım, siz də istədiyinizi məndə tapmayasınız və aranızda münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, böhtan, qeybət, lovğalıq, qarışıqlıq tapam.
21. Bu da məni qorxudur ki, yanınıza gələndə Allahım məni sizin qarşınızda aşağı tutacaq: əvvəllər günah işlədərək batdıqları murdarlıq, əxlaqsızlıq və pozğunluqdan tövbə etməyən bir çox adamlar üçün yas tutacağam.

  2Corinthians (12/13)