← 2Chronicles (5/36) → |
1. | Rəbbin məbədi üçün Süleymanın gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Allahın məbədinin xəzinələrinə qoydu. |
2. | O zaman padşah Süleyman İsrailin ağsaqqallarını, bütün qəbilə başçılarını, yəni İsrail övladlarının nəsil rəhbərlərini Yerusəlimə, özünün yanına topladı ki, Rəbbin Əhd sandığını Davudun şəhəri olan Siondan yuxarı gətirsinlər. |
3. | Yeddinci ayda olan bayram vaxtı bütün İsrail xalqı padşahın yanına toplandı. |
4. | Bütün İsrail ağsaqqalları gələndə Levililər sandığı götürdü. |
5. | Onunla birgə Hüzur çadırını və çadırda olan bütün müqəddəs əşyaları Levili kahinlər yuxarı gətirdi. |
6. | Padşah Süleyman və onun yanına toplanmış bütün İsrail icması sandığın önündə çoxluğuna görə sayı-hesabı bilinməyən qoyun-keçi və mal-qara qurban kəsirdi. |
7. | Kahinlər Rəbbin Əhd sandığını öz yerinə, məbədin iç otağına – Ən Müqəddəs yerə, keruvların qanadları altındakı yerinə gətirdi. |
8. | Keruvlar qanadlarını sandığın yeri üzərində açmışdı, onlar sandığı və onun şüvüllərini örtmüşdü. |
9. | Şüvüllər elə uzun idi ki, onların ucu iç otağın önündəki Müqəddəs yerdən görünürdü, ancaq bayır tərəfdən görünmürdü. Onlar bu günə qədər oradadır. |
10. | İsrail övladları Misirdən çıxdıqları zaman Rəbbin onlarla əhd bağladığı Xorevdə Musa sandığın içinə iki lövhə qoymuşdu. Bunlardan başqa onun içində heç bir şey yox idi. |
11. | Kahinlər Müqəddəs yerdən çıxdılar. Hazır olan kahinlərin hamısı bölmələrini gözləmədən özlərini təqdis etmişdi. |
12. | İlahi oxuyan Levililərin hamısı da – Asəf, Heman, Yedutun və onların oğulları ilə qohumları incə kətan geyərək sinclər, çənglər və liralarla qurbangahın şərq tərəfində dayandılar və onlarla bərabər yüz iyirmi kahin kərənay çalırdı. |
13. | Kərənay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar. Kərənayların, sinclərin, musiqi alətlərinin səsi yüksələndə onlar dedi: «Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir». O vaxt bulud Rəbbin məbədini elə doldurdu ki, |
14. | o buluda görə kahinlər ibadət etmək üçün orada dayana bilmədilər, çünki Rəbbin izzəti Allahın məbədini doldurmuşdu. |
← 2Chronicles (5/36) → |