← 2Chronicles (4/36) → |
1. | Süleyman tuncdan bir qurbangah tikdi. Onun uzunluğu və eni iyirmi qulac, hündürlüyü isə on qulac idi. |
2. | O, tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi, bir kənarından digər kənarına qədər on qulac idi və otuz qulaclıq bir ip onun ətrafına dolanmışdı. |
3. | Altının hər tərəfindən onu buğa təsvirləri əhatə edirdi. Hər qulacda on buğa vardı. Buğalar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü. |
4. | Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi. |
5. | Hovuzun qalınlığı bir ovuc idi. Onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, üç min bat su tuturdu. |
6. | Süleyman on ləyən düzəltdi, onlarda yuyunmaq üçün beşini sağa, beşini sola qoydu. Yandırma qurbanı olacaq şeyləri onların içində yuyardılar. Ancaq hovuz kahinlərin yuyunması üçün idi. |
7. | O, təsvirinə görə on qızıl çıraqdan düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu. |
8. | On masa düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu. Qızıldan yüz piyalə də düzəltdi. |
9. | Kahinlər həyətini, böyük həyəti, həyətin qapılarını düzəltdi və onların qapılarını tuncla örtdü. |
10. | Hovuzu məbədin sağında, cənub-şərq küncündə yerləşdirdi. |
11. | Xiram həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Allahın məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı: |
12. | iki sütun; sütunların üstündə iki dəyirmi başlıq; sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor; |
13. | sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar; |
14. | dayaqlar; dayaqların üzərində on ləyən; |
15. | bir hovuz; onun altında on iki tökmə buğa; |
16. | qazanlar, kürəklər və piyalələr. Bütün bu əşyaları Xiram-Avi Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan tökmüşdü. |
17. | Padşah bunları İordan çayının kənarındakı düzənlikdə, Sukkot ilə Seredata arasındakı gil torpaqlarda tökmüşdü. |
18. | Süleyman bu əşyaların hamısından lap çox düzəltdi və onlara işlədilən tuncun çəkisini müəyyən etmədi. |
19. | Süleyman Allahın məbədindəki bütün əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan masalar; |
20. | qaydaya görə iç otağın önündə yandırmaq üçün xalis qızıldan çıraqdanlar və onların çıraqları; |
21. | xalis qızıldan güllər, çıraqlar və maşalar; |
22. | xalis qızıldan maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; məbədin qızıl qapıları, yəni Ən Müqəddəs yerə açılan içəri qapı tayları və məbədin böyük otağının qapı tayları. |
← 2Chronicles (4/36) → |