← 2Chronicles (36/36) |
1. | Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb atasının yerinə Yerusəlimdə padşah etdi. |
2. | Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. |
3. | Misir padşahı onu Yerusəlimdə taxtdan saldı və ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu. |
4. | Misir padşahı onun qardaşı Elyaqimi Yəhuda və Yerusəlim üzərində padşah etdi və adını dəyişdirib Yehoyaqim qoydu. Neko onun qardaşı Yehoaxazı götürüb Misirə apardı. |
5. | Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. O, Allahı Rəbbin gözündə pis olan işlər etdi. |
6. | Babil padşahı Navuxodonosor onun üstünə hücum etdi. Tunc zəncir vurub onu əsir etdi və Babilə apardı. |
7. | Navuxodonosor Rəbbin məbədinin əşyalarından bəzilərini Babilə apardı və onları Babildəki öz məbədinə qoydu. |
8. | Yehoyaqimin qalan işləri, etdiyi iyrənc işlər və onun təqsiri İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır. Onun yerinə oğlu Yehoyakin padşah oldu. |
9. | Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay on gün padşahlıq etdi. O, Rəbbin gözündə pis olan işlər etdi. |
10. | Bahar gələndə Navuxodonosor onu Rəbbin məbədinin qiymətli əşyaları ilə birgə Babilə gətirtdi və Yehoyakinin qohumu Sidqiyanı Yəhuda və Yerusəlim üzərində padşah etdi. |
11. | Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. |
12. | O, Allahı Rəbbin gözündə pis olan işlər etdi, Rəbbin dili ilə danışan peyğəmbər Yeremyanın önündə özünü aşağı tutmadı. |
13. | Həm də Allahın adı ilə onu and içdirmiş padşah Navuxodonosora qarşı üsyan etdi, dikbaşlıqla İsrailin Allahı Rəbbə tərəf dönmək istəməyib ürəyini inadkar etdi. |
14. | Kahinlərin bütün rəhbərləri də xalqla birgə başqa millətlərin bütün iyrənc işlərinə görə davranaraq böyük xainlik etdilər və Rəbbin Yerusəlimdə təqdis etdiyi məbədini murdarladılar. |
15. | Atalarının Allahı Rəbb dəfələrlə Öz elçilərinin vasitəsilə onlara xəbər göndərdi, çünki Öz xalqına və məskəninə rəhmi gəlirdi. |
16. | Ancaq Rəbbin qəzəbi Öz xalqının üzərinə gəldi və onlara heç bir çarə tapılmadı, çünki Allahın elçilərini lağa qoydular, Onun sözlərinə xor baxdılar və peyğəmbərlərini təhqir etdilər. |
17. | Rəbb onların üzərinə Xaldeylilərin padşahını göndərdi. O da Müqəddəs məkanlarında onların cavanlarını qılıncla öldürdü, yeniyetməyə və bakirə qıza, qocaya və zəifə rəhm etmədi, Rəbb hamısını ona təslim etdi. |
18. | O, Allahın məbədinin bütün böyük və kiçik əşyalarını, Rəbbin məbədinin xəzinələrini, padşahın və onun rəislərinin xəzinələrini – hər şeyi Babilə apardı. |
19. | Xaldeylilər Allahın məbədini yandırdılar, Yerusəlimin divarını uçurdular, onun bütün saraylarına od vurdular və orada olan qiymətli əşyaların hamısını məhv etdilər. |
20. | Xaldeylilərin padşahı qılıncdan qurtaranları Babilə sürgünlüyə apardı. Onlar Fars padşahlarının hökmranlığına qədər ona və onun oğullarına qul oldu. |
21. | Yeremyanın dili ilə deyilən Rəbbin sözü yerinə yetsin deyə yetmiş il bitənə qədər torpaq öz Şənbə vaxtlarını qeyd edərək bütün bu viranəlik müddəti dincəldi. |
22. | Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi şəkildə elan etdi: |
23. | «Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi. Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı Rəbb yar olsun və oraya getsinlər”». |
← 2Chronicles (36/36) |