← 2Chronicles (31/36) → |
1. | Bütün bu iş qurtaranda orada olan bütün İsraillilər Yəhuda şəhərlərinə çıxıb daş sütunları sındırdı, Aşera bütlərini kəsdi. Bütün Yəhuda və Binyamin, Efrayim, Menaşşe torpaqlarında olan səcdəgahları və qurbangahları axıra qədər dağıtdılar. Sonra bütün İsrail övladları öz şəhərlərinə, hər kəs öz mülkünə qayıtdı. |
2. | Xizqiya kahinləri və Levililəri bölmələrə ayırdı və hər kəsi öz işinə uyğun olan bölməyə təyin etdi. O, Rəbbin darvazalarla hasarlanmış yerində yandırma və ünsiyyət qurbanlarını gətirmək, xidmət etmək, şükür və həmd oxumaq üçün kahinləri və Levililəri qoydu. |
3. | Rəbbin Qanununda yazıldığına görə yandırma qurbanları – səhər və axşamın yandırma qurbanları, Şənbə günlərinin, Təzə Ay mərasimlərinin və bayramların yandırma qurbanları üçün padşah öz malından pay ayırdı. |
4. | Kahinlər və Levililər özlərini Rəbbin Qanununa həsr etsinlər deyə onların payını verməyi Yerusəlimdə yaşayan xalqa əmr etdi. |
5. | Bu əmr hər yana yayılanda İsrail övladları taxılın, təzə şərabın, yağın, balın və bütün tarla məhsullarının nübarından bol-bol verdi. Hər şeyin onda birini bol-bol gətirdilər. |
6. | Yəhuda şəhərlərində yaşayan İsraillilər və Yəhudalılar mal-qaranın və qoyun-keçinin onda birini, özlərinin Allahı Rəbbə təqdis olunan müqəddəs şeylərin onda birini də gətirdilər və qalaq-qalaq verdilər. |
7. | Üçüncü ayda bunları qalaqlarla üst-üstə yığmağa başladılar və yeddinci ayda qurtardılar. |
8. | Xizqiya və rəislər gəlib qalaqları gördülər, Rəbbə və Onun xalqı İsrailə minnətdarlıqlarını bildirdilər. |
9. | Xizqiya bu qalaqlar barədə kahinlərdən və Levililərdən soruşdu. |
10. | Sadoqun nəslindən olan başçı kahin Azarya ona belə cavab verdi: «Rəbbin məbədinə nəzirlər gətirilən vaxtdan bəri biz yeyib doyuruq, hələ artıq da qalır. Çünki Rəbb Öz xalqına bərəkət verdi və bu bol şeylər də artıq qaldı». |
11. | Xizqiya əmr etdi ki, Rəbbin məbədindəki otaqları hazırlasınlar. Onlar hazırladılar. |
12. | Nəzirləri, onda birləri və təqdis olunan şeyləri sədaqətlə oraya gətirib saxladılar. Bu şeyləri rəis olan Levili Konanya və müavini olan qardaşı Şimey saxlayırdı. |
13. | Yexiel, Azazya, Naxat, Asahel, Yerimot, Yozavad, Eliel, İsmakya, Maxat və Benaya da padşah Xizqiyanın və Allahın məbədində rəis olan Azaryanın əmrinə görə Konanyanın və qardaşı Şimeyin əli altında məmur idi. |
14. | Şərq darvazasında qapıçı olan Levili İmna oğlu Qore Rəbbə verilən nəzirlər və ən müqəddəs şeyləri paylamaqdan ötrü Allah üçün verilən könüllü təqdimlərə nəzarət edirdi. |
15. | Onun başçılığı altında olan Edenə, Minyaminə, Yeşuaya, Şemayaya, Amaryaya və Şekanyaya bölmələrinə görə kahin şəhərlərində böyükdən kiçiyə qədər bu qohumlarına paylarını bölmək işi tapşırılmışdı: |
16. | nəsil şəcərələrinə baxmayaraq, üç yaşında və ondan yuxarı yaşda olan, vəzifələrinə və bölmələrinə görə gündəlik xidmət işi üçün Rəbbin məbədinə girən kişilərin hamısı; |
17. | nəsil şəcərələrində yazıldığı kimi nəsillərinə görə kahinlər, vəzifələrinə, həm də bölmələrinə görə iyirmi yaşında və ondan yuxarı yaşda olan Levililər; |
18. | nəsil şəcərələrinə görə bütün camaatın uşaqları, arvadları, oğul və qızları – çünki onlar özlərini sədaqətlə müqəddəs xidmət üçün təqdis etmişdilər – |
19. | öz şəhərlərinin ətraf çöllərində yaşayan Harun nəslindən kahinlər. Hər şəhərdə adları çəkilən adamlar qoyulmuşdu ki, kahinlər arasındakı bütün kişilərə və Levililər arasında nəsil şəcərələrində yazılanların hamısına pay versinlər. |
20. | Xizqiya bütün Yəhudada belə etdi, Allahı Rəbbin önündə yaxşı, doğru və sədaqətli işlər gördü. |
21. | O öz Allahını axtararaq Allahın məbədinin xidmətində, qanuna və əmrlərə əməl etməkdə başladığı hər işi bütün qəlbi ilə icra etdi və uğur qazandı. |
← 2Chronicles (31/36) → |