| ← 2Chronicles (30/36) → |
| 1. | Xizqiya İsrailin Allahı Rəbbə Pasxa bayramı etmək üçün Yerusəlimdə olan Rəbbin məbədinə gəlsinlər deyə bütün İsraillilərə və Yəhudalılara xəbər göndərdi, Efrayimlilərə və Menaşşelilərə də məktublar yazdı. |
| 2. | Yerusəlimdə padşahla rəislər və bütün camaat Pasxa bayramını ikinci ayda keçirmək barədə qərara gəlmişdi. |
| 3. | Çünki lazımi sayda kahin özünü təqdis etmədiyinə görə və xalq Yerusəlimə toplanmadığı üçün onu lazım olan vaxt edə bilməmişdilər. |
| 4. | Ona görə də bu qərar padşahın və bütün camaatın gözündə doğru idi. |
| 5. | Onlar gəlib Yerusəlimdə İsrailin Allahı Rəbbə Pasxa bayramı etsinlər deyə Beer-Şevadan Dana qədər bütün İsraildə elan etməyə qərar verdilər. Çünki çoxdan bəri bunu yazıldığı kimi etməmişdilər. |
| 6. | Padşahın əmrinə görə çaparlar padşahın və rəislərin yazdığı məktublarla bütün İsrail və Yəhuda torpağını dolaşıb dedilər: «Ey İsrail övladları, İbrahimin, İshaqın və İsrailin Allahı Rəbbə qayıdın! O da sizə – Aşşur padşahlarının əlindən qaçıb qurtarmış, sağ qalan adamlarınıza tərəf qayıdacaq. |
| 7. | Atalarının Allahı Rəbbə qarşı xainlik edən atalarınız və qohumlarınız kimi olmayın. Belə ki gördüyünüz kimi Rəbb onları tar-mar etdi. |
| 8. | İndi atalarınız kimi dikbaş olmayın, Rəbbə tabe olun və Onun əbədi olaraq təqdis etdiyi Müqəddəs məkana gəlib Allahınız Rəbbə qulluq edin ki, qızğın qəzəbi sizdən dönsün. |
| 9. | Siz Rəbbə qayıtdıqda qohumlarınız və oğullarınız onları əsir alanların önündə mərhəmət tapacaq və bu torpağa qayıdacaq. Çünki Allahınız Rəbb lütfkar və rəhmlidir; əgər Ona qayıtsanız, sizdən üz döndərməz». |
| 10. | Çaparlar Efrayim və Menaşşe torpaqlarından Zevuluna qədər bu şəhərdən o şəhərə keçdi. Ancaq onlara güldülər və lağa qoydular. |
| 11. | Amma Aşerdən, Menaşşedən və Zevulundan bəzi adamlar özlərini aşağı tutub Yerusəlimə gəldi. |
| 12. | Yəhudalılara da Allah Öz əli ilə eyni ürək verdi ki, Rəbbin sözünə görə padşahın və rəislərin əmrlərini yerinə yetirsinlər. |
| 13. | İkinci ay Mayasız Çörək bayramını Yerusəlimdə keçirmək üçün çoxlu xalq, böyük bir camaat toplandı. |
| 14. | Qalxıb Yerusəlimdə olan qurbangahları və bütün buxur qurbangahlarını ləğv etdilər və Qidron vadisinə atdılar. |
| 15. | İkinci ayın on dördüncü günü Pasxa qurbanlarını kəsdilər. Kahinlərlə Levililər utanıb özlərini təqdis etdilər və Rəbbin məbədinə yandırma qurbanları gətirdilər. |
| 16. | Allah adamı Musanın Qanununda yazılmış qaydalarına görə öz yerlərində durdular. Kahinlər Levililərdən aldıqları qanı səpdilər. |
| 17. | Çünki camaat içində özlərini təqdis etməmiş çox adam olduğuna görə Rəbbə təqdis etmək üçün təmiz olmayan hər adamın Pasxa qurbanını kəsmək işi Levililərin öhdəsində idi. |
| 18. | Çünki xalqın böyük bir hissəsi, Efrayim və Menaşşe, İssakar və Zevulun qəbilələrindən bir çoxu özlərini təmizləyib yazılanlara uyğun olmayaraq öz Pasxa qurbanlarından yedi. |
| 19. | Xizqiya onlar üçün dua edib demişdi: «Qoy xeyirxah olan Allah müqəddəs yer üçün təmiz olmadıqları halda sidq ürəklə Allahı, atalarının Allahı Rəbbi axtarmağa hazırlaşmış hər kəsi bağışlasın». |
| 20. | Rəbb Xizqiyanı eşitdi və xalqa şəfqət göstərdi. |
| 21. | Yerusəlimdə olan İsraillilər yeddi gün Mayasız Çörək bayramını böyük sevinclə keçirdilər. Levililər və kahinlər yüksək səsli musiqi alətləri ilə hər gün Rəbbə həmd edirdilər. |
| 22. | Xizqiya Rəbbin xidmətində bacarıqlı olan bütün Levililəri ruhlandırdı. Onlar ünsiyyət qurbanlarını kəsərək və atalarının Allahı Rəbbə şükürlər edərək yeddi gün bayram yeməyi yedilər. |
| 23. | Bütün camaat belə qərara gəldi ki, daha yeddi gün də bayram olsun. Yeddi günü də sevinclə keçirdilər. |
| 24. | Yəhuda padşahı Xizqiya camaata təqdim etmək üçün min buğa və yeddi min baş qoyun-keçi, rəislər isə camaata min buğa və on min qoyun-keçi verdilər. Bir çox kahin özünü təqdis etdi. |
| 25. | Bütün Yəhuda camaatı, kahinlər, Levililər, İsraildən gələn bütün camaat və İsrail torpağından olan və Yəhudada yaşayan qəriblər sevindi. |
| 26. | Yerusəlim böyük sevinc içində idi, çünki İsrail padşahı Davud oğlu Süleymanın dövründən bəri Yerusəlimdə belə bayram olmamışdı. |
| 27. | Levili kahinlər qalxıb xalqa xeyir-dua verdi, Allah onların səslərini eşitdi, çünki duaları Onun müqəddəs məskəninə – göylərə çatdı. |
| ← 2Chronicles (30/36) → |