| ← 2Chronicles (3/36) → |
| 1. | Süleyman Yerusəlimdə atası Davuda Rəbbin göründüyü Moriya dağında, Yevuslu Ornanın xırmanında Davudun hazırladığı yerdə Rəbbin məbədini tikməyə başladı. |
| 2. | Onu padşahlığının dördüncü ilində, ikinci ayın ikinci günündə tikməyə başladı. |
| 3. | Allahın məbədinin tikilməsi üçün Süleymanın qoyduğu bünövrələr bunlardır: bünövrələrin uzunluğu köhnə ölçüyə görə altmış qulac və eni iyirmi qulac idi. |
| 4. | Məbədin önündəki eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və hündürlüyü yüz iyirmi qulac idi. Onu içəridən xalis qızılla örtdü. |
| 5. | Böyük otağa şam ağacı ilə örtük vurub onu xalis qızılla örtdü, onun üstünə xurma ağacları və zəncir təsvirləri həkk etdi. |
| 6. | Əzəmətli olsun deyə evi qiymətli daşlarla bəzədi. Qızıl Parvayim qızılı idi. |
| 7. | Məbədi və onun dirəklərini, astanalarını, divarlarını və qapılarını qızılla örtdü, divarlarda keruvların təsvirini oydu. |
| 8. | Süleyman Ən Müqəddəs yeri də tikdi. Onun uzunluğu məbədin eninə görə iyirmi qulac və eni iyirmi qulac idi. Onu altı yüz talant xalis qızılla örtdü. |
| 9. | Qızıl mismarların ağırlığı əlli şekel idi. Yuxarı otaqları da qızılla örtdü. |
| 10. | Ən Müqəddəs yerdə heykəltəraş işi olan iki keruv düzəltdi və onları qızılla örtdü. |
| 11. | Keruvların qanadları iyirmi qulac uzunluğunda idi. Bir keruvun qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına dəyirdi. |
| 12. | O biri keruvun da qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına birləşmişdi. |
| 13. | Bu keruvların qanadları iyirmi qulac uzanırdı. Keruvlar ayaq üstə durmuşdu və üzləri böyük otağa doğru çevrilmişdi. |
| 14. | O, bənövşəyi, tünd qırmızı, al rəngli parça və incə kətandan pərdə tikdi, üzərində keruvlar işlədi. |
| 15. | Süleyman məbədin önündə otuz beş qulac hündürlüyündə iki sütun düzəltdi və hər bir sütunun üstündəki başlıq beş qulac idi. |
| 16. | İç otaqda zəncirlər düzəltdi və onları sütunların üstünə qoydu, yüz nar düzəltdi və onları zəncirlərin üzərinə qoydu. |
| 17. | O, sütunları məbədin önünə – birini sağa və o birini sola qoydu. Sağda olanı Yakin, solda olanı isə Boaz adlandırdı. |
| ← 2Chronicles (3/36) → |