← 2Chronicles (24/36) → |
1. | Yoaş padşah olduğu vaxt yeddi yaşında idi və Yerusəlimdə qırx il padşahlıq etdi. Anası Beer-Şevadan olub adı Sivya idi. |
2. | Yoaş kahin Yehoyadanın bütün ömrü boyu Rəbbin gözündə doğru olan işlər etdi. |
3. | Yehoyada ona iki arvad aldı. O, oğullar və qızlar atası oldu. |
4. | Bundan sonra Yoaş Rəbbin məbədini bərpa etməyi qərara aldı. |
5. | Kahinlərlə Levililəri toplayıb onlara dedi: «Yəhudanın şəhərlərinə çıxın və Allahınızın məbədini hər il təmir etmək üçün bütün İsraillilərdən pul toplayın, bu işi görməyə tələsin». Ancaq Levililər tələsmədi. |
6. | Başçı olan Yehoyadanı padşah çağırdı və ona dedi: «Rəbbin qulu Musanın və İsrail camaatının Şəhadət çadırı üçün qoyduqları vergini Yəhudadan və Yerusəlimdən gətirmələrini nə üçün Levililərdən tələb etmədin?» |
7. | Çünki o pis qadın Atalyanın oğulları Allahın məbədini viran etmişdilər və Rəbbin məbədinin bütün müqəddəs şeylərini də Baal bütləri üçün işlətmişdilər. |
8. | Padşah əmr etdi və bir sandıq düzəldib onu Rəbbin məbədinin darvazasına, bayır tərəfə qoydular. |
9. | Allahın qulu Musanın çöldə İsrail üzərinə qoyduğu vergini Rəbb üçün gətirsinlər deyə Yəhudada və Yerusəlimdə elan etdilər. |
10. | Rəislərlə bütün xalq sevindi və sandıq dolana qədər vergini gətirib onun içinə qoydular. |
11. | Padşahlığın məmurları Levililərin onların yanına gətirdikləri sandığın içində çox pul olduğunu gördükləri vaxt padşahın mirzəsi ilə başçı kahinin məmuru gəlib sandığı boşaldar, sonra onu yenə yerinə qaytarardılar. Hər gün beləcə etməklə olduqca çox pul topladılar. |
12. | Padşahla Yehoyada onu Rəbbin məbədinin xidmət işini görənlərə verdilər və Rəbbin məbədini bərpa etmək üçün daşyonanları və dülgərləri, Rəbbin məbədini təmir etmək üçün dəmir və tunc ustalarını muzdla tutdular. |
13. | İşçilər işlədilər, təmir işi onların əlində irəli getdi və Allahın məbədini qaydasına salıb onu möhkəmləndirdilər. |
14. | İşi qurtardıqları vaxt yerdə qalan pulu padşahın və Yehoyadanın önünə gətirdilər və bununla Rəbbin məbədi üçün əşyalar – xidmət və yandırma qurbanları üçün əşyalar, nimçələr, qızıl və gümüş əşyalar düzəltdilər. Onlar Yehoyadanın bütün ömrü boyu daim Rəbbin məbədində yandırma qurbanları təqdim edərdi. |
15. | Yehoyada qocalıb yaşa doldu və öldü. O, öldüyü zaman yüz otuz yaşında idi. |
16. | Onu Davudun şəhərində padşahların yanında basdırdılar, çünki İsrail üçün və Allahla məbədi üçün yaxşılıq etmişdi. |
17. | Yehoyadanın ölümündən sonra Yəhuda rəisləri gəlib padşaha baş əydilər. O zaman padşah onlara qulaq asdı. |
18. | Xalq atalarının Allahı Rəbbin məbədini tərk etdi, Aşera bütlərinə və başqa bütlərə qulluq etdi. Onların bu günahından ötrü Yəhuda ilə Yerusəlim üzərinə qəzəb gəldi. |
19. | Rəbb onları Özünə tərəf döndərmək üçün onların yanına peyğəmbərlər göndərdi və peyğəmbərlər onlara qarşı şəhadət etdilər, ancaq xalq qulaq asmadı. |
20. | Kahin Yehoyadanın oğlu Zəkəriyyənin üzərinə Allahın Ruhu gəldi və xalqın arasında çıxış edib onlara dedi: «Allah belə deyir: nə üçün Rəbbin əmrlərini pozursunuz? İşləriniz yaxşı getməz, çünki siz Rəbbi tərk etdiyiniz kimi O da sizi tərk etdi». |
21. | Ona qarşı qəsd hazırladılar və onu padşahın əmri ilə Rəbbin məbədinin həyətində daşqalaq etdilər. |
22. | Beləcə padşah Yoaş Zəkəriyyənin də atası Yehoyadanın ona etdiyi xeyirxahlığı yada salmadı və oğlunu öldürdü. O da ölərkən dedi: «Rəbb görsün və hökm etsin». |
23. | O biri ilin əvvəlində Aram ordusu onun üstünə gəldi. Onlar Yəhudaya və Yerusəlimə hücum etdilər. Xalqın bütün rəislərini xalqın arasından götürüb məhv etdilər və onlardan alınan bütün qəniməti Dəməşq padşahına göndərdilər. |
24. | Aramlılar az qoşunla gəldikləri halda Rəbb çox böyük bir ordunu onlara təslim etdi, çünki xalq atalarının Allahı Rəbdən üz döndərmişdi. Beləliklə, Yoaşa qarşı hökmü icra etdilər. |
25. | Yoaşın yanından getdikləri zaman onu ağır yaralı vəziyyətdə qoydular. Onun əyanları kahin Yehoyadanın oğullarının qanına görə ona qarşı qəsd hazırladılar və onu yatağında öldürdülər. Yoaş öldü və onu Davudun şəhərində basdırdılar, ancaq padşahların məqbərəsində basdırmadılar. |
26. | Ona qarşı qəsd quranlar bunlardır: Ammonlu qadın Şimatın oğlu Zavad və Moavlı qadın Şimritin oğlu Yehozavad. |
27. | Yoaşın oğulları, ona edilən çoxlu xəbərdarlıq və Allah məbədinin bərpası barədə padşahların tarix kitabında yazılmışdır. Onun yerinə oğlu Amasya padşah oldu. |
← 2Chronicles (24/36) → |