← 2Chronicles (21/36) → |
1. | Yehoşafat ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu. |
2. | Onun qardaşları, Yehoşafatın oğulları bunlar idi: Azarya, Yexiel, Zəkəriyyə, Azarya, Mikael və Şefatya. Bunların hamısı İsrail padşahı Yehoşafatın oğulları idi. |
3. | Ataları onlara çoxlu hədiyyələr – qızıl, gümüş və qiymətli şeylər, bunlarla bərabər Yəhudada olan qalalı şəhərlər verdi. Padşahlığı isə Yehorama verdi, çünki o, ilk oğul idi. |
4. | Yehoram atasının padşahlıq taxtına çıxıb möhkəmləndikdə bütün qardaşlarını və İsrail rəislərindən bəzisini də qılıncdan keçirdi. |
5. | Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. |
6. | Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi. |
7. | Ancaq Rəbb Davudla etdiyi əhddən ötrü Davudun sülaləsini məhv etmək istəmədi. Çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi. |
8. | Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular. |
9. | Yehoram rəisləri və bütün döyüş arabaları ilə birgə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı. |
10. | Beləcə Edomlular üsyan qaldırdı, bu günə qədər də Yəhudanın əsarəti altında deyil. Həmin vaxt Livnalılar da üsyan qaldırıb onun əsarəti altından çıxdılar, çünki Yehoram atalarının Allahı Rəbbi tərk etmişdi. |
11. | O, Yəhuda dağlarında da səcdəgahlar tikmişdi. Yerusəlimdə yaşayanları da xəyanətə təhrik edib Yəhudanı da yoldan azdırmışdı. |
12. | Ona peyğəmbər İlyasdan bu məktub gəldi: «Atan Davudun Allahı Rəbb belə deyir: “Atan Yehoşafatın və Yəhuda padşahı Asanın yolları ilə deyil, |
13. | ancaq İsrail padşahlarının yolu ilə getdin, Axav nəslinin etdiyi kimi Yəhudanı və Yerusəlimdə yaşayanları xəyanətə təhrik etdin. Həm də atanın nəslindən qardaşlarını, səndən daha yaxşı olanları öldürdün. |
14. | Buna görə də Rəbb sənin xalqına, oğullarına, arvadlarına və bütün malına böyük zərbə vuracaq. |
15. | Sən isə ağır xəstələnəcəksən, elə bir şiddətli xəstəlik keçirəcəksən ki, nəticədə bağırsaqların töküləcək”». |
16. | Rəbb Yehorama qarşı Filiştlilərin ruhunu və Kuşluların qonşuluğunda yaşayan Ərəblərin ruhunu oyandırdı. |
17. | Onlar Yəhudanın üstünə gəlib oraya hücum çəkdilər. Padşahın sarayında tapdıqları bütün malı, onun oğullarını və arvadlarını apardılar. Oğullarının ən balacası Axazyadan başqa oğlu qalmadı. |
18. | Bunların hamısından sonra Rəbb Yehoramı bağırsaqlarından sağalmaz bir xəstəliklə vurdu. |
19. | Onun xəstəliyi gündən-günə şiddətləndi. Nəhayət, ikinci ilin sonunda xəstəliyinə görə bağırsaqları töküldü və o, şiddətli ağrılarla öldü. Onun xalqı Yehoramın ataları üçün tonqal yandırdığı kimi onun xatirinə yandırmadı. |
20. | Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. Ölümünə heç kəs təəssüf etmədi. Onu Davudun şəhərində basdırdılar, lakin padşahların qəbirlərində basdırmadılar. |
← 2Chronicles (21/36) → |