← 2Chronicles (20/36) → |
1. | Bundan sonra Moavlılar və Ammonlular, onlarla bərabər Maonlulardan bəzisi Yehoşafata qarşı döyüşmək üçün gəldi. |
2. | Adamlar gəldi və Yehoşafata bildirib dedi: «Dənizin o biri tərəfindən, Aramdan sənə qarşı böyük bir izdiham gəlir. İndi onlar Xaseson-Tamardadır. Bura En-Gedidir». |
3. | Yehoşafat qorxdu və üzünü Rəbbi axtarmağa döndərdi və bütün Yəhuda üçün oruc elan etdi. |
4. | Yəhudalılar Rəbdən kömək diləmək üçün toplandı, Yəhudanın bütün şəhərlərindən də Rəbbi axtarmaq üçün gəldilər. |
5. | Yehoşafat Rəbbin məbədində, yeni həyətin qabağında, Yəhuda və Yerusəlim camaatının önündə durub dedi: |
6. | «Ya Rəbb, atalarımızın Allahı, göylərdə olan Allah Sən deyilsənmi? Bütün millətlərin padşahlıqları üzərinə hakim olan Sən deyilsənmi? Qüdrətlə qüvvət Sənin əlindədir və heç kim Sənə qarşı dura bilməz. |
7. | Ey Allahımız, bu torpaqda yaşayanları xalqın İsrailin önündə qovan və onu dostun İbrahimin nəslinə əbədi olaraq verən Sən deyilsənmi? |
8. | Orada məskən saldılar, orada Sənin adına müqəddəs bir məbəd tikdilər və dedilər: |
9. | “Əgər üzərimizə bəla, cəza qılıncı, vəba və ya aclıq gələrsə, adın bu məbəddə olduğuna görə bu məbədin önündə, yəni Sənin önündə də duracağıq və çətin günlərdə Sənə fəryad edəcəyik, onda Sən eşidəcəksən və xilas edəcəksən”. |
10. | İndi bax Ammonlular, Moavlılar, Seir dağının sakinləri nə edir! Misirdən gələrkən İsrailliləri onların torpağına girməyə qoymadın, İsraillilər də dönüb onları məhv etmədi. |
11. | Budur, bizə irs olaraq verdiyin Sənin mülkündən bizi qovmağa gələrək əvəzini necə ödəyirlər. |
12. | Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir». |
13. | Bütün Yəhudalılar uşaqları, qadınları və oğulları ilə birgə Rəbbin önündə durmuşdu. |
14. | Camaatın arasında olanda Asəf nəslindən olan bir Levili, Mattanya oğlu Yeiel oğlu Benaya oğlu Zəkəriyyə oğlu Yaxazielin üzərinə Rəbbin Ruhu gəldi. |
15. | O dedi: «Bütün Yəhudalılar, Yerusəlimdə yaşayanlar və sən padşah Yehoşafat, yaxşı dinləyin! Rəbb sizə belə deyir: “Bu böyük qoşundan qorxmayın və ruhdan düşməyin, çünki döyüş sizin deyil, ancaq Allahındır. |
16. | Sabah onlara qarşı enin: budur, onlar Sis yoxuşu ilə qalxır və onları vadinin sonunda, Yeruel çölünün önündə tapacaqsınız. |
17. | Bu səfərdə döyüşmək sizə lazım olmayacaq. Ey Yəhudalılar və Yerusəlimlilər, səf bağlayıb durun, sizinlə bərabər olan Rəbbin xilasını görün. Qorxmayın və ruhdan düşməyin. Sabah onların qarşısına gedin və Rəbb sizinlə olacaq”». |
18. | Yehoşafat üzüstə yerə qapandı və bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar Rəbbə səcdə etmək üçün Rəbbin önündə yerə qapandı. |
19. | Qohat və Qorah nəsillərindən olan Levililər ayağa qalxıb İsrailin Allahı Rəbbə yüksək səslə şükür etdilər. |
20. | Onlar səhər tezdən qalxdı və Teqoa çölünə çıxdılar. Çıxdıqları zaman Yehoşafat durub dedi: «Ey Yəhuda və Yerusəlimdə yaşayanlar, məni dinləyin: Allahınız Rəbbə inanın, onda qorunacaqsınız, onun peyğəmbərlərinə inanın və uğur qazanacaqsınız». |
21. | Xalqla məsləhət etdikdən sonra Rəbbə ilahi oxuyanları irəli qoydu ki, ordusunun önündə gedərək müqəddəs calalına həmd edib oxusunlar: «Rəbbə şükür edin, çünki Onun məhəbbəti əbədidir». |
22. | Tərənnümlə həmdə başladıqları zaman Yəhudaya gələn Ammonlulara, Moavlılara və Seir dağının sakinlərinə qarşı Rəbb pusqu qurdu və onlar qırıldı. |
23. | Çünki Ammonlularla Moavlılar Seir dağının sakinlərini qırıb tamam yox etmək üçün onlara qarşı qalxdı və Seir sakinlərini qırandan sonra bir-birlərini məhv etməyə başladı. |
24. | Yəhudalılar çölə baxan gözətçi yerinə çatdıqda qoşuna baxıb yerə yıxılmış meyitlər gördülər. Sağ qalan yox idi. |
25. | Yehoşafat və onun xalqı onların qənimətini götürməyə gəldi, onların arasında çoxlu mallar, paltarlar və qiymətli şeylər tapdılar. Bunlardan o qədər yığdılar ki, daşıya bilmədilər. Qənimət o qədər çox idi ki, onu üç gün yığdılar. |
26. | Dördüncü gün Beraka vadisində Rəbbə həmd etmək üçün toplandılar. Bundan ötrü o yerin adını Beraka vadisi qoydular və bu günə qədər də belədir. |
27. | Bütün Yəhuda və Yerusəlim xalqı Yehoşafatın başçılığı altında sevinclə Yerusəlimə qayıtdı, çünki Rəbb düşmənlərini məhv edərək onları sevindirmişdi. |
28. | Çənglər, liralar və kərənaylar çalaraq Yerusəlimə, Rəbbin məbədinə gəldilər. |
29. | İsrailin düşmənlərinə qarşı Rəbbin döyüşdüyünü eşitdikdə bütün ölkələrdəki padşahlar üzərinə Allahın qorxusu düşdü. |
30. | Yehoşafatın padşahlığında isə əmin-amanlıq oldu, çünki Allahı ona hər tərəfdən dinclik verdi. |
31. | Yehoşafat Yəhuda üzərində padşahlıq etdi. Padşah olduğu zaman otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi. |
32. | O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı. |
33. | Ancaq səcdəgahlar aradan qaldırılmadı və xalqın ürəyi hələ atalarının Allahı Rəbbə tərəf yönəlməmişdi. |
34. | Yehoşafatın qalan işləri, ilk işlərindən son işlərinə qədər İsrail padşahlarının kitabına daxil olan Xanani oğlu Yehunun tarix kitabında yazılmışdır. |
35. | Ondan sonra Yəhuda padşahı Yehoşafat pis işlər görən İsrail padşahı Axazya ilə razılığa gəldi. |
36. | Tarşişə getməyə gəmilər düzəltmək üçün onunla razılaşdı və gəmiləri Esyon-Geverdə düzəltdilər. |
37. | Mareşadan olan Dodavın oğlu Eliezer Yehoşafata qarşı peyğəmbərlik edib dedi: «Axazya ilə razılığa gəldiyin üçün Rəbb sənin işlərini pozdu». Gəmilər parçalandı və Tarşişə gedə bilmədilər. |
← 2Chronicles (20/36) → |