← 2Chronicles (18/36) → |
1. | Yehoşafatın bol sərvəti və şərəfi vardı. O, Axavla qohum və müttəfiq oldu. |
2. | Bir neçə il sonra Samariyaya Axavın yanına gəldi. Axav onun üçün və onunla bərabər olan xalq üçün çoxlu qoyun-keçi və mal-qara kəsdi, onu Ramot-Gileada qalxmağa təhrik etdi. |
3. | İsrail padşahı Axav Yəhuda padşahı Yehoşafata dedi: «Sən mənimlə birgə Ramot-Gileada gedirsənmi?» Yehoşafat ona dedi: «Məni özün kimi, xalqımı xalqın kimi hesab elə, səninlə bərabər vuruşarıq». |
4. | Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?» |
5. | İsrail padşahı dörd yüz peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedi: «Get, Allah onu padşaha təslim edəcək». |
6. | Yehoşafat dedi: «Burada olanlardan başqa Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?» |
7. | İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki həmişə yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin». |
8. | İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir». |
9. | İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geyinib oturmuşdu. Hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdi. |
10. | Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”». |
11. | Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək». |
12. | Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyir. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış». |
13. | Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Allahım mənə nə desə, onu söyləyəcəyəm». |
14. | O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Gedin, qalib gələcəksiniz, onlar sizə təslim ediləcək». |
15. | Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?» |
16. | Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağası yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”». |
17. | İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?» |
18. | Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm. |
19. | Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə. |
20. | Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?” |
21. | O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə elə”». |
22. | Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoyub. Beləcə Rəbb başına bəla gətirməyi qərara aldı». |
23. | Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə hansı yolla keçdi?» |
24. | Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən». |
25. | İsrail padşahı dedi: «Mikeyanı götürün, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndərin. |
26. | Onlara söyləyin ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”». |
27. | Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmayıb». Sonra dedi: «Ey camaat, hamınız eşidin!» |
28. | İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdi. |
29. | İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi. |
30. | Aram padşahı öz döyüş arabalarının başçılarına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi. |
31. | Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedi: «İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Yehoşafat çığırdı. Rəbb ona yardım etdi, Allah onları onun yanından geri çəkdi. |
32. | Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə onun ardından geri qayıtdılar. |
33. | Bir adam nişan almadan kaman çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Dön və məni döyüşdən çıxar, çünki yaralanmışam». |
34. | O gün döyüş qızışdı. İsrail padşahı axşamacan öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Günəş batmaqda ikən o öldü. |
← 2Chronicles (18/36) → |