← 2Chronicles (17/36) → |
1. | Onun yerinə oğlu Yehoşafat padşah oldu və İsrailə qarşı özünü möhkəmləndirdi. |
2. | Yəhudanın hər qalalı şəhərinə qoşun qoydu və Yəhuda torpağına və atası Asanın aldığı Efrayim şəhərlərinə hərbi dəstələr yerləşdirdi. |
3. | Rəbb Yehoşafatla idi, çünki atası Davudun əvvəlki yolları ilə getdi və Baal bütlərini deyil, |
4. | yalnız atasının Allahını axtardı və İsraillilərin etdiyi işlərə görə deyil, Allahın əmrləri ilə getdi. |
5. | Rəbb padşahlığı onun əlində möhkəmləndirdi və bütün Yəhudalılar Yehoşafata xərac gətirdilər. Onun bol sərvəti və şərəfi vardı. |
6. | Rəbbin yollarında cəsarətləndi. Üstəlik səcdəgahları və Aşera bütlərini Yəhudadan götürdü. |
7. | Padşahlığının üçüncü ilində Yəhuda şəhərlərində xalqa təlim versinlər deyə bunları göndərdi: rəisləri olan Ben-Xayil, Avdiya, Zəkəriyyə, Natanel və Mikeya. |
8. | Onlarla bərabər Levililər: Şemaya, Netanya, Zevadya, Asahel, Şemiramot, Yonatan, Adoniya, Toviya, Tov-Adoniya və onlarla birgə kahinlər: Elişama və Yehoram. |
9. | Onlar Yəhudada xalqa təlim verdilər. Yanlarında Rəbbin Qanun kitabı olmaqla Yəhudanın bütün şəhərlərini dolaşdılar və xalqı öyrətdilər. |
10. | Yəhuda ətrafında olan bütün ölkələrin padşahlıqları üzərinə Rəbbin qorxusu düşdü və Yehoşafata qarşı müharibə etmədilər. |
11. | Filiştlilərdən bəzisi Yehoşafata hədiyyə və xərac olaraq gümüş gətirdi. Ərəblər də ona qoyun-keçi – yeddi min yeddi yüz qoç və yeddi min yeddi yüz təkə gətirdi. |
12. | Yehoşafat get-gedə əzəmət qazandı. Yəhudada qalalar və anbar şəhərləri tikdi. |
13. | Yəhuda şəhərlərində çoxlu ehtiyatları vardı. Yerusəlimdə igid döyüşçülər olan əsgərləri vardı. |
14. | Nəsillərinə görə onların siyahısı bu idi: Yəhudadan minbaşılar: başçı Adna və onunla bərabər üç yüz min igid döyüşçü; |
15. | onun yanında başçı Yehoxanan və onunla birgə iki yüz səksən min nəfər; |
16. | onun yanında könüllü olaraq Rəbbin işini boynuna götürən Zikri oğlu Amasya və onunla birgə iki yüz min igid döyüşçü; |
17. | Binyamindən igid bir döyüşçü olan Elyada və onunla bərabər ox-kaman və qalxanla silahlanmış iki yüz min nəfər, |
18. | onun yanında Yehozavad və onunla döyüşə hazır olan yüz səksən min nəfər. |
19. | Bunlar padşahın bütün Yəhudadakı qalalı şəhərlərə qoyduğu döyüşçülərdən əlavə ona xidmət edənlər idi. |
← 2Chronicles (17/36) → |