← 2Chronicles (16/36) → |
1. | Asanın padşahlığının otuz altıncı ilində İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi. |
2. | Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrindən qızıl-gümüşü götürdü və onları Dəməşqdə yaşayan Aram padşahı Ben-Hadada bu xəbərlə göndərdi: |
3. | «Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş göndərdim, get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin». |
4. | Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları İyona, Dana, Avel-Mayimə və Naftalinin bütün anbar şəhərlərinə zərbə vurdu. |
5. | Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və işini buraxdı. |
6. | Padşah Asa bütün Yəhudalıları yanına yığdı. Onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdı. Bunlarla Gevanı və Mispanı tikdi. |
7. | O vaxt görücü Xanani Yəhuda padşahı Asanın yanına gəlib ona dedi: «Madam ki Allahın Rəbbə deyil, Aram padşahına güvəndin, buna görə də Aram padşahının ordusu sənin əlindən qaçıb qurtardı. |
8. | Kuşlular və Luvlular çoxlu süvari və döyüş arabaları ilə çox böyük bir ordu deyildimi? Rəbb Ona güvəndiyin üçün onları sənə təslim etdi. |
9. | Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin. Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq». |
10. | Asa görücüyə qəzəbləndi və onu işgəncə zindanına atdı, çünki bunun üçün ona hiddətlənmişdi. O vaxt Asa xalqdan bəzilərinə zülm etdi. |
11. | Asanın işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır. |
12. | Padşahlığının otuz doqquzuncu ilində Asa ayaqlarından xəstələndi, xəstəliyi get-gedə ağırlaşdı. Həm də xəstə olduqda Rəbbi deyil, ancaq həkimləri axtardı. |
13. | Asa padşahlığının qırx birinci ilində ölüb ataları ilə uyudu. |
14. | Onu Davudun şəhərində özü üçün qazdığı qəbirdə basdırdılar və onu gözəl ədviyyat və hər cür qatışmış ətriyyatla dolu yatağa qoydular. Onun xatirinə böyük bir tonqal yandırdılar. |
← 2Chronicles (16/36) → |