← 2Chronicles (14/36) → |
1. | Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Yerinə oğlu Asa padşah oldu. Onun dövründə ölkə on il rahat yaşadı. |
2. | Asa Allahı Rəbbin gözündə yaxşı və doğru olan işlər etdi. |
3. | Özgə allahların qurbangahlarını və səcdəgahları aradan qaldırdı və sütunları qırdı, Aşera bütlərini kəsdi. |
4. | Asa atalarının Allahı Rəbbi axtarmağı və qanunla əmrlərinə əməl etməyi Yəhudaya söylədi. |
5. | Yəhudanın bütün şəhərlərindən səcdəgahları və buxur qurbangahlarını aradan qaldırdı. Onun dövründə ölkə rahat yaşadı. |
6. | O, Yəhudada qalalı şəhərlər tikdi, çünki o illərdə ölkədə əmin-amanlıq idi və orada müharibə yox idi. Rəbb ona dinclik vermişdi. |
7. | Asa Yəhudalılara dedi: «Bu şəhərləri tikək, ətrafında divarlar və qüllələr, qapılar və sürgülər düzəldək. Ölkə hələ bizimdir, çünki biz Allahımız Rəbbi axtardıq, Onu axtardığımıza görə Allah bizə hər tərəfdən dinclik verdi». Onlar beləcə uğurla tikdilər. |
8. | Asanın ordusu Yəhudadan sipər və nizə daşıyan üç yüz min nəfər, Binyamin nəslindən qalxan daşıyan və kaman çəkən iki yüz səksən min nəfərdən ibarət idi. Onların hamısı igid döyüşçülər idi. |
9. | Bunlara qarşı Kuşlu Zerah milyon əsgərlə və üç yüz döyüş arabası ilə Mareşaya hücum etdi. |
10. | Asa onun üzərinə getdi və Mareşada Sefata dərəsində döyüş üçün düzüldü. |
11. | Asa Allahı Rəbbi çağırıb dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin». |
12. | Asanın və Yəhudalıların önündə Rəbb Kuşluları qırdı və Kuşlular qaçdı. |
13. | Asa və onunla birgə olan xalq onları Gerara qədər təqib etdi. Kuşlulardan o qədər ölən oldu ki, heç kəs salamat qalmadı, çünki Rəbbin və onun ordusunun önündə məhv olmuşdular. Yəhudalılar çoxlu qənimət ələ keçirdilər. |
14. | Gerar ətrafındakı bütün şəhərləri dağıtdılar, çünki onların canına Rəbbin qorxusu düşmüşdü. Bütün şəhərləri qarət etdilər, orada çoxlu qənimət vardı. |
15. | Çoban çadırlarını da dağıtdılar, çoxlu qoyun-keçi və dəvə apardılar. Sonra Yerusəlimə qayıtdılar. |
← 2Chronicles (14/36) → |