← 2Chronicles (13/36) → |
1. | Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu. |
2. | O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Givealı Urielin qızı Maaka idi. Aviya ilə Yarovamın arasında müharibə gedirdi. |
3. | Aviya dörd yüz min seçmə igid döyüşçüdən ibarət olan bir ordu ilə hərbə girişdi. Yarovam isə səkkiz yüz min seçmə igid döyüşçünü ona qarşı döyüş üçün düzdü. |
4. | Aviya Efrayimin dağlıq bölgəsində olan Semarayim dağına qalxıb dedi: «Ey Yarovam və bütün İsraillilər, məni dinləyin! |
5. | Bilmirsiniz ki, İsrailin Allahı Rəbb İsrail üzərində padşahlığı əbədi olaraq Davuda və onun oğullarına vermişdir? Bunu duzla əhd etmişdir. |
6. | Ancaq Davudun oğlu Süleymanın qulu Nevat oğlu Yarovam qalxıb ağasına qarşı üsyan etdi. |
7. | Onun ətrafına boş və yaramaz adamlar yığılıb Süleyman oğlu Rexavama qarşı çıxdılar. Rexavam gənc və zəif iradəli olduğu üçün onlara qarşı dura bilmədi. |
8. | İndi siz Davud oğullarının əlində olan Rəbbin padşahlığına qarşı durmağı düşünürsünüz və siz böyük bir kütləsiniz. Yarovamın allahlar deyə sizə düzəltdiyi qızıl danalar da aranızdadır. |
9. | Amma Harun nəslindən olan Rəbbin kahinlərini və Levililəri qovmadınızmı? Başqa ölkələrin xalqlarının qaydasına görə özünüzə kahinlər qoymadınızmı? Buğa və yeddi qoçla təqdis olunmaq üçün gələn hər kəs yalançı allahların kahini ola bilər. |
10. | Amma Rəbb Allahımız olduğuna görə biz Onu tərk etməmişik və bizdə Rəbbin xidmətində Harun nəslindən olan kahinlər və onlara kömək edən Levililər vardı. |
11. | Onlar hər səhər-axşam Rəbbə yandırma qurbanları və xoş ətirli buxur yandırar, təmiz masa üzərində çörək təqdimi verər və hər axşam qızıl çıraqdanda çıraqları yandırar. Çünki biz Allahımız Rəbbin qoyduğu qaydalara əməl edirik, siz isə Onu tərk etdiniz. |
12. | Budur, Allah bizimlədir, başımızın üstündədir. Onun kahinləri də bizimlədir. Sizə qarşı çalmaq üçün əllərində yüksək səs verən kərənaylar var. Ey İsrail övladları, atalarınızın Allahı Rəbbə qarşı müharibə etməyin, çünki işiniz yaxşı getməz». |
13. | Yarovam onların arxasından pusqu qurmaq üçün dəstə göndərmişdi. Onun özü Yəhudalılardan qabaqda idi. Pusqu isə onların arxasında idi. |
14. | Yəhudalılar geriyə baxdıqda gördülər ki, onlara öndən və arxadan hücum olunacaq. Onlar Rəbbə fəryad etdilər və kahinlər kərənayları yüksək səslə çaldılar. |
15. | Yəhudalılar nərə çəkdilər və onlar nərə çəkəndə Allah Yarovamı və bütün İsrailliləri Aviyanın və Yəhudanın önündə qırdı. |
16. | İsrail övladları Yəhudalıların önündən qaçdı və Allah onları bunlara təslim etdi. |
17. | Aviya ilə xalqı onları böyük tələfata uğratdılar: İsraillilərdən beş yüz min seçmə adam həlak oldu. |
18. | Beləcə o vaxt İsrail övladları sakitləşdilər, Yəhudalılar isə atalarının Allahı Rəbbə güvəndikləri üçün üstün gəldilər. |
19. | Aviya Yarovamı təqib etdi və ondan şəhərləri – Bet-Eli və qəsəbələrini, Yeşananı və qəsəbələrini, Efronu və qəsəbələrini aldı. |
20. | Aviyanın dövründə Yarovam bir daha güclü olmadı. Rəbb onu vurdu və o öldü. |
21. | Ancaq Aviya daha da gücləndi. O, on dörd arvad aldı, iyirmi iki oğul və on altı qız atası oldu. |
22. | Aviyanın qalan işləri, əməlləri və sözləri peyğəmbər İddonun təlimində yazılmışdır. |
← 2Chronicles (13/36) → |