← 2Chronicles (12/36) → |
1. | Padşahlığı möhkəmlənib özü qüvvətləndikdə Rexavam, onunla bərabər bütün İsraillilər Rəbbin Qanunundan üz döndərdilər. |
2. | Padşah Rexavamın beşinci ilində Rəbbə qarşı vəfasızlıq etdiklərinə görə Misir padşahı Sisaq min iki yüz döyüş arabası və altmış min süvari ilə Yerusəlimə hücum etdi. |
3. | Onunla bərabər Misirdən gələn xalqın, Luvluların, Sukluların və Kuşluların sayı-hesabı bilinmirdi. |
4. | O, Yəhudanın qalalı şəhərlərini aldı və Yerusəlimə yaxınlaşdı. |
5. | Peyğəmbər Şemaya Rexavamın və Sisaqdan ötrü Yerusəlimə toplanan Yəhuda rəislərinin yanına gəlib onlara dedi: «Rəbb belə deyir: “Siz Məni tərk etdiniz, buna görə Mən də sizi Sisaqa təslim etdim”». |
6. | İsrail rəisləri ilə padşah özlərini aşağı tutdular və «Rəbb adildir» dedilər. |
7. | Rəbb onların özlərini aşağı tutduğunu görəndə Şemayaya Rəbbin bu sözü gəldi: «Özlərini aşağı tutduqları üçün onları məhv etməyəcəyəm, onlara bir az qurtuluş verəcəyəm, Sisaqın əli ilə qəzəbim Yerusəlimin üzərinə tökülməyəcək. |
8. | Amma Mənə qulluq etməklə dünya padşahlıqlarına qulluq etməyin fərqini başa düşsünlər deyə onun qulları olacaqlar». |
9. | Misir padşahı Sisaq Yerusəlimə hücum etdi və Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi qızıl qalxanları da götürdü. |
10. | Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizə rəislərinin əlinə verdi. |
11. | Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər. |
12. | Özünü aşağı tutduqda onu büsbütün məhv etməmək üçün Rəbbin qəzəbi üzərindən döndü. Çünki Yəhudada yaxşı işlər də var idi. |
13. | Padşah Rexavam Yerusəlimdə özünü möhkəmləndirərək padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anasının adı Ammonlu Naama idi. |
14. | O, pis olan işlər etdi, çünki ürəyi Rəbbi axtarmaq istəmədi. |
15. | Rexavamın etdiyi işlər, ilk işlərindən son işlərinə qədər peyğəmbər Şemayanın və görücü İddonun tarix kitablarında nəsil şəcərəsinə görə yazılmışdır. Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi. |
16. | Rexavam ataları ilə uyudu və Davudun şəhərində basdırıldı. Yerinə oğlu Aviya padşah oldu. |
← 2Chronicles (12/36) → |