← 2Chronicles (11/36) → |
1. | Rexavam Yerusəlimə gəldi. O, İsraillilərlə müharibə edib öz padşahlığını qaytarmaq üçün Yəhuda və Binyamin evini – yüz səksən min seçmə döyüşçünü topladı. |
2. | Ancaq Allah adamı Şemayaya Rəbbin bu sözü nazil oldu: |
3. | «Yəhuda padşahı Süleyman oğlu Rexavama, Yəhuda və Binyamində olan bütün İsraillilərə söylə ki, |
4. | Rəbb belə deyir: “Getməyin və soydaşlarınızla müharibə etməyin. Hər kəs öz evinə qayıtsın, çünki bu iş Mənim tərəfimdən oldu”». Onlar Rəbbin sözünə qulaq asdılar və Yarovamın üzərinə getməkdən əl çəkdilər. |
5. | Rexavam Yerusəlimdə yaşadı və Yəhudada müdafiə olunmaq üçün bu şəhərləri tikdi. |
6. | Bet-Lexem, Etam, Teqoa, |
7. | Bet-Sur, Soko, Adullam, |
8. | Qat, Mareşa, Zif, |
9. | Adorayim, Lakiş, Azeqa, |
10. | Sora, Ayyalon və Xevron. O, Yəhuda və Binyamin torpağında olan bu qalalı şəhərləri tikdi. |
11. | Qalaları möhkəmlədib onlara rəislər təyin etdi və ərzaq, yağ, şərab ehtiyatı gördü. |
12. | Hər şəhərə sipər və nizələr qoydu, onları çox möhkəmləndirdi. Beləcə Yəhuda ilə Binyamin torpaqları onun tərəfində qaldı. |
13. | Bütün İsraildə olan kahinlər və Levililər onların bütün mahallarından gəlib Rexavamın yanına toplandı. |
14. | Levililər otlaqlarını və mülklərini qoyub Yəhudaya və Yerusəlimə gəldilər. Çünki Yarovam onları oğulları ilə birgə Rəbbə kahinlik etməkdən kənar etmişdi. |
15. | O, səcdəgahlar, təkə bütləri və düzəltdiyi dana bütləri üçün özünə kahinlər qoymuşdu. |
16. | Onların ardınca bütün İsrail qəbilələrindən olan İsrailin Allahı Rəbbi sidq ürəkdən axtarmaq istəyənlər atalarının Allahı Rəbbə qurban təqdim etmək üçün Yerusəlimə gəldilər. |
17. | Yəhuda padşahlığını möhkəmləndirdilər və üç il Süleymanın oğlu Rexavama kömək etdilər. Çünki üç il Davudun və Süleymanın yolu ilə getdilər. |
18. | Rexavam Maxalatı özünə arvad aldı. Maxalat Davudun oğlu Yerimotunla Yesseyin oğlu Eliavın qızı Avihayilin qızı idi. |
19. | O, Rexavama oğullar – Yeuşu, Şemaryanı, Zahamı doğdu. |
20. | Rexavam Maxalatdan sonra Avşalomun qızı Maakanı aldı. O, Aviyanı, Attayı, Zizanı və Şelomiti doğdu. |
21. | Rexavam Avşalomun qızı Maakanı bütün arvadları və cariyələrindən daha çox sevirdi. O, on səkkiz arvad və altmış cariyə almışdı, iyirmi səkkiz oğul və altmış qız atası oldu. |
22. | Rexavam Maaka oğlu Aviyanı qardaşları arasında padşah etmək üçün ayıraraq vəliəhd təyin etdi. |
23. | Ağıllı davranıb bütün Yəhuda və Binyamin torpağında hər qalalı şəhərə oğullarını göndərdi və onlara bol ərzaq verdi, onlar üçün çoxlu arvad aldı. |
← 2Chronicles (11/36) → |