← 2Chronicles (10/36) → |
1. | Rexavam Şekemə getdi, çünki bütün İsraillilər onu padşah etmək üçün Şekemə gəlmişdi. |
2. | Nevat oğlu Yarovam bunu eşitdiyi zaman padşah Süleymanın əlindən qaçdığı Misirdən oraya qayıtdı. |
3. | Onu çağırtdırdılar. Yarovam gəldi və bütün İsraillilərlə birgə Rexavama söylədi: |
4. | «Atan üzərimizə ağır boyunduruq qoydu. Sən isə indi atanın çətin qulluğunu və üzərimizə qoyduğu ağır boyunduruğu yüngülləşdir, biz də sənə qulluq edərik». |
5. | Rexavam onlara dedi: «Üç gündən sonra yenə mənim yanıma gəlin». Xalq getdi. |
6. | Padşah Rexavam atası Süleymanın sağlığında onun önündə duran ağsaqqallarla məsləhət edib dedi: «Bu xalqa cavab vermək üçün mənə nə məsləhət verirsiniz?» |
7. | Ağsaqqallar ona dedi: «Əgər sən bu xalqa xeyirxahlıq göstərməklə onları razı salıb yaxşı sözlər desən, daim sənə qul olacaq». |
8. | Ancaq o, ağsaqqalların verdikləri məsləhətə məhəl qoymadı, onunla birgə böyümüş və onun önündə duran cavan adamlarla məsləhətləşdi. |
9. | Onlara dedi: «Siz nə məsləhət verirsiniz? Mənə “atanın üzərimizə qoyduğu boyunduruğu yüngülləşdir” deyən bu xalqa nə cavab verim?» |
10. | Onunla birgə böyümüş cavan adamlar ona dedi: «Sənə “atan üzərimizə ağır bir boyunduruq qoydu, sən isə onu yüngülləşdir” deyən bu xalqa belə söylə: “Mənim kiçik barmağım atamın belindən yoğundur. |
11. | Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə sizi əqrəblərlə cəzalandıracağam”». |
12. | «Üç gün sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gün sonra Rexavamın yanına gəldi. |
13. | Padşah onlara sərt cavab verdi. Padşah Rexavam ağsaqqalların məsləhətinə məhəl qoymayıb |
14. | cavan adamların məsləhətinə görə xalqa dedi: «Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə onu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə əqrəblərlə cəzalandıracağam». |
15. | Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Allah tərəfindən oldu ki, Rəbb Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin. |
16. | Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördü. Onda xalq ona cavab verib dedi: «Davudla bizim nə şərikliyimiz var? Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, çadırınıza! İndi, ey Davud, öz evinin halına özün bax!» Bütün İsraillilər evlərinə getdi. |
17. | Rexavam yalnız Yəhuda şəhərlərində yaşayan İsrail övladları üzərində padşahlıq etdi. |
18. | Padşah Rexavam mükəlləfiyyətçilər üzərində nəzarətçi olan Adoniramı göndərdi. İsrail övladları onu daşqalaq edib öldürdülər. Padşah Rexavam Yerusəlimə qaçmaq üçün tələsik öz döyüş arabasına mindi. |
19. | Beləcə İsraillilər Davudun sülaləsinə qarşı qalxdı və bu indiyə qədər belədir. |
← 2Chronicles (10/36) → |