| 2Chronicles (1/36) → |
| 1. | Davud oğlu Süleyman öz padşahlığını möhkəmləndirdi, Allahı Rəbb onunla idi və onu çox yüksəltdi. |
| 2. | Süleyman bütün İsrailliləri, minbaşıları, yüzbaşıları, hakimləri, bütün İsraildə hər bir rəhbəri və nəsil başçılarını çağırdı. |
| 3. | Süleyman və onunla bərabər bütün camaat Giveonda olan səcdəgaha getdi, çünki Rəbbin qulu Musanın çöldə qurduğu Allahın Hüzur çadırı orada idi. |
| 4. | Ancaq Davud Allahın sandığını Qiryat-Yearimdən onun üçün hazırladığı yerə gətirmişdi, çünki Davud onun üçün Yerusəlimdə bir çadır qurmuşdu. |
| 5. | Xur oğlu Uri oğlu Besalelin düzəltdiyi tunc qurbangah Giveonda, Rəbbin məskəni önündə idi və Süleymanla camaat oraya Rəbdən söz soruşmağa getdi. |
| 6. | Süleyman oraya – Rəbbin önündə, Hüzur çadırının qarşısındakı tunc qurbangaha qalxdı və onun üzərində min baş yandırma qurbanı təqdim etdi. |
| 7. | Həmin gecə Allah Süleymana görünüb ona dedi: «Nə istəyirsən, sənə verim?» |
| 8. | Süleyman Allaha dedi: «Sən atam Davuda böyük xeyirxahlıq göstərdin və onun yerinə məni padşah etdin. |
| 9. | İndi, ya Rəbb Allah, atam Davuda olan vədin yerinə yetsin, çünki Sən məni yerin tozu qədər çox olan bir xalq üzərində padşah etdin. |
| 10. | İndi mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim, çünki bu qədər böyük olan bu xalqına kim hökm edə bilər?» |
| 11. | Allah Süleymana dedi: «İndi ki ürəyində bu istək var və sən var-dövlət, əmlak, izzət, hətta sənə nifrət edənlərin canını və özünə uzun ömür istəmədin, ancaq səni üzərində padşah etdiyim xalqıma hökm edəsən deyə özün üçün hikmət və bilik istədin, |
| 12. | Mən sənə nəinki hikmət və bilik, həm də var-dövlət, əmlak və izzət verəcəyəm ki, nə səndən əvvəl olan padşahlarda olub, nə də səndən sonrakılarda olacaq». |
| 13. | Süleyman Giveonda olan səcdəgahdan, Hüzur çadırının önündən Yerusəlimə gəldi və İsrail üzərində padşahlıq etdi. |
| 14. | Süleyman döyüş arabaları ilə süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi. |
| 15. | Padşah Yerusəlimdə çoxluğuna görə qızıl və gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi. |
| 16. | Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdı. |
| 17. | Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdı. |
| 2Chronicles (1/36) → |