| ← 1Timothy (5/6) → |
| 1. | Ağsaqqalla sərt danışma, ona ata kimi, cavanlara isə qardaş kimi, |
| 2. | ağbirçəklərə ana kimi, gənc qadınlara tamamilə saf ürəklə bir bacı kimi nəsihət ver. |
| 3. | Həqiqi dul qadınlara hörmət et. |
| 4. | Lakin əgər bir dul qadının uşaqları ya da nəvələri varsa, bunlar əvvəlcə öz ailələrinə yardım edərək möminliyi, yaşlı ailə üzvlərinə də haqqını verməyi öyrənsinlər. Çünki bu, Allahı razı salır. |
| 5. | Həqiqətən, dul qalıb kimsəsiz olan qadın öz ümidini Allaha bağlamışdır, gecə-gündüz Ona yalvarmağa və dua etməyə davam edir. |
| 6. | Keflə yaşayan dul qadınsa yaşadığı halda ölüdür. |
| 7. | Nöqsansız olmaqları üçün bu əmrləri tapşır. |
| 8. | Öz yaxınlarının, xüsusən, ailə üzvlərinin qayğısına qalmayan insan imanı inkar etmiş və imansızdan betərdir. |
| 9. | Qoy bir dul qadının adı dullar siyahısına bu şərtlə yazılsın: ən azı altmış yaşına çatmış, ərinə sadiq olmuş, |
| 10. | etdiyi yaxşı işlərlə tanınmış olsun, məsələn, uşaqlar böyütmüş, qonaqpərvərlik göstərmiş, müqəddəslərin ayaqlarını yumaqla xidmət etmiş, əziyyət çəkənlərə yardım etmiş, hər cür xeyirli işlə məşğul bir şəxs olmalıdır. |
| 11. | Altmış yaşa çatmamış dul qadınları isə siyahıya yazma. Çünki cismani istəkləri Məsihə bağlılıqlarına qalib gələn kimi ərə getmək istəyərlər. |
| 12. | Beləcə verdikləri ilk sözdən çıxdıqları üçün mühakiməyə məruz qalırlar. |
| 13. | Eyni zamanda evdən evə gəzərək tənbəlliyə öyrənərlər. Yalnız tənbəllik deyil, lazım olmayan sözlər danışaraq qeybət edərlər, başqalarının işlərinə burunlarını soxarlar. |
| 14. | Beləliklə, yaşa dolmamış dul qadınların ərə getməsini, uşaq doğmasını, evini idarə etməsini, düşmənə heç bir böhtan atmaq fürsətini verməməsini istəyirəm. |
| 15. | Artıq bəziləri azıb Şeytanın ardınca getmişdir. |
| 16. | İmanlı bir qadının dul qadın yaxınları varsa, qoy onlara yardım etsin. İmanlılar cəmiyyəti belə yükün altına girməsin ki, həqiqi dul qadınlara yardım edə bilsin. |
| 17. | Cəmiyyəti yaxşı idarə edən ağsaqqallar, xüsusən, vəz və təlim işində zəhmət çəkənlər maddi və mənəvi cəhətdən təmin olunmağa layiq görülsün. |
| 18. | Çünki Müqəddəs Yazıda belə deyilir: «Xırman çəkən öküzün ağzını bağlama» və «işçi öz haqqına layiqdir». |
| 19. | İki yaxud üç şahid olmadıqda bir ağsaqqala qarşı olan ittihama əhəmiyyət vermə. |
| 20. | Günah işlədən ağsaqqalları hamının qarşısında məzəmmət et ki, digərləri də günah işlətməkdən qorxsun. |
| 21. | Allahın, Məsih İsanın və seçilmiş mələklərin önündə sənin öhdənə qoyuram ki, ayrı-seçkilik salmadan, tərəfkeşlik etmədən bu təlimatlara riayət edəsən. |
| 22. | Heç kimin üzərinə tələsərək əl qoyma, başqalarının günahlarına şərik olma, özünü pak saxla. |
| 23. | Yalnız su içməkdən vaz keç; mədənə və tez-tez baş verən xəstəliklərinə görə bir az şərab da iç. |
| 24. | Bəzi insanların günahları mühakiməyə düşəndən əvvəl də bəllidir, digərlərininki isə sonradan ortaya çıxar. |
| 25. | Beləcə yaxşı işlər də qabaqcadan bəllidir, bəlli olmayanlar da gizli qala bilməyəcək. |
| ← 1Timothy (5/6) → |