← 1Thessalonians (3/5) → |
1. | Buna görə də artıq dözməyib Afinada tək qalmağa razı olduq |
2. | və qardaşımız, Məsihin Müjdəsini yaymaqda Allahın əməkdaşı olan Timoteyi sizi imanda möhkəmləndirmək və ruhlandırmaq üçün göndərdik. |
3. | Belə ki qoy bu əziyyətlərdən heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq. |
4. | Çünki yanınızda olarkən əziyyət çəkəcəyimizi sizə əvvəlcədən demişdik və bildiyiniz kimi, belə də oldu. |
5. | Buna görə mən artıq dözməyib Timoteyi yanınıza göndərdim ki, imanınızdan xəbərdar olum. Qorxdum ki, sınağaçəkən bəlkə sınaqları ilə sizi yoldan çıxarmış olar və əməyimiz hədər gedər. |
6. | Amma yanınızdan indicə qayıdan Timotey imanınız və məhəbbətiniz haqqında bizə şad xəbər gətirdi. O dedi ki, siz bizi daim xoş təəssüratla yada salırsınız və biz həsrətinizi çəkdiyimiz kimi siz də həsrətimizi çəkirsiniz. |
7. | Ona görə də, qardaşlar, bütün sıxıntı və əziyyətimizə baxmayaraq, imanınıza görə sizdən təsəlli aldıq. |
8. | Çünki sizin Rəbdə qalmağınız indi bizə həyat verir. |
9. | Allahımız qarşısında sizə görə tam sevincimiz var. Belə olmasaydı, sizə görə Allaha necə şükür edə bilərdik? |
10. | Sizin üzünüzü görmək və imanınızda çatışmayanları tamamlamaq üçün gecə-gündüz səylə dua edirik. |
11. | Qoy Atamız Allah Özü və Rəbbimiz İsa bizim üçün sizin tərəflərə yol açsın. |
12. | Rəbb bir-birinizə və bütün insanlara olan məhəbbətinizi sizə olan məhəbbətimiz tək artırıb-çoxaltsın. |
13. | Belə ki Rəbbimiz İsa bütün müqəddəsləri ilə birgə zühur edəcəyi vaxt Atamız Allahın önündə müqəddəslikdə nöqsansız olmağınız üçün ürəklərinizə qüvvə versin. Amin. |
← 1Thessalonians (3/5) → |