1Samuel (31/31)    

1. Filiştlilər İsraillilərlə döyüşdü. İsraillilər Filiştlilərin önündən qaçdılar, qırılanlar Gilboa dağında qaldı.
2. Filiştlilər Şaulla oğullarını təqib edib Şaulun oğulları Yonatanı, Avinadavı və Malki-Şuanı öldürdülər.
3. Döyüş Şaulun ətrafında şiddətlənəndə oxatanlar onu tapdılar və ağır yaraladılar.
4. Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib qılınclarını mənə batıraraq əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı.
5. Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü.
6. O gün Şaul üç oğlu, silahdarı və bütün adamları ilə birlikdə belə həlak oldu.
7. Dərənin o biri tərəfində və İordan çayının o biri tayında olan İsraillilər İsrail ordusunun qaçdığını və Şaulla oğullarının öldüyünü görəndə şəhərləri qoyub qaçdılar. Filiştlilər gəlib o yerlərdə yaşadılar.
8. Ertəsi gün Filiştlilər öldürülənləri soymaq üçün gələndə Gilboa dağında Şaulla üç oğlunun meyitini tapdılar.
9. Şaulun başını kəsib silahlarını götürdülər. Bütlərinin məbədinə və xalqa xoş xəbər vermək üçün Filiştlilərin ölkəsinin hər tərəfinə qasid göndərdilər.
10. Şaulun silahlarını ilahə Aştoretin məbədinə qoydular və cəsədini Bet-Şean şəhərinin divarına mıxladılar.
11. Yaveş-Gilead əhalisi Filiştlilərin Şaula etdiklərini eşidəndə
12. bütün igidləri qalxıb gecə boyu yol gedərək Şaulun və oğullarının cəsədini Bet-Şeanın divarından götürdülər. Yaveşə gəlib orada cəsədləri yandırdılar.
13. Sonra cəsədlərin sümüklərini götürüb Yaveşdə, yulğun ağacının altında basdırdılar və yeddi gün oruc tutdular.

  1Samuel (31/31)