← 1Samuel (3/31) → |
1. | Gənc Şamuel Elinin başçılığı altında Rəbbə xidmət edirdi. O vaxt Rəbbin sözünün nazil olması və görüntülərin görülməsi nadir hallarda baş verirdi. |
2. | Bir gecə Eli yatağında uzanmışdı. Onun gözləri zəif olduğuna görə yaxşı görmürdü. |
3. | Şamuel isə Rəbbin məbədində – Allahın sandığı olan yerdə uzanmışdı və Allahın çırağı hələ sönməmişdi. |
4. | Rəbb Şamueli çağırdı. O «buradayam» deyə cavab verdi. |
5. | Sonra da Elinin yanına qaçıb «məni çağırdın, mən buradayam» dedi. Amma Eli «mən çağırmamışam, get yat» deyə cavab verdi. Şamuel gedib yatdı. |
6. | Rəbb «Şamuel!» deyə yenidən çağırdı. Şamuel yenə qalxıb Elinin yanına getdi və «Məni çağırdın? Mən buradayam!» dedi. Eli yenə də «mən çağırmadım oğlum, get yat» deyə cavab verdi. |
7. | Şamuel Rəbbi hələ tanımırdı və Rəbbin sözü ona açılmamışdı. |
8. | Rəbb üçüncü dəfə Şamueli çağırdı və Şamuel yenə qalxaraq Elinin yanına gedib dedi: «Bax buradayam, məni sən çağırdın». O anda Eli anladı ki, gənc Şamueli çağıran Rəbdir. |
9. | Buna görə də Şamuelə dedi: «Get uzan, yenə səni çağırarsa, belə deyərsən: “Danış, ya Rəbb, qulun Səni eşidir”». Şamuel gedib yerində yatdı. |
10. | Rəbb gəlib orada durdu və əvvəlki kimi «Şamuel! Şamuel!» deyə çağırdı. Şamuel dedi: «Danış, ya Rəbb, qulun Səni eşidir». |
11. | Rəbb Şamuelə belə dedi: «Bax İsraildə elə bir iş görəcəyəm ki, eşidənin qulaqları cingildəyəcək. |
12. | Həmin gün Elinin evi haqqında dediklərimin hamısını əvvəldən axıra qədər yerinə yetirəcəyəm. |
13. | Çünki ona çatdırmışdım ki, özü bildiyi günahlarına görə onun evini əbədi məhkum edəcəyəm. Oğulları özlərini alçaltdılar. Eli isə onların qarşısını almadı. |
14. | Buna görə də and içmişəm ki, Elinin ailəsinin günahı heç vaxt nə qurban, nə də başqa təqdimlərlə bağışlanmayacaq». |
15. | Şamuel səhərə qədər uzandı, sonra Rəbbin ibadətgahının qapılarını açdı. Eşitdiyi görüntünü isə Eliyə bildirməyə qorxdu. |
16. | Amma Eli onu «Şamuel, oğlum» deyə səslədi. Şamuel cavab verib dedi: «Bəli, buradayam». |
17. | Eli ondan soruşub dedi: «Rəbb sənə nə dedi? Rica edirəm, məndən gizlətmə. Əgər sənə dediklərindən birini belə, məndən gizlətsən, Allah sənə beləsini və bundan betərini etsin». |
18. | Bundan sonra Şamuel heç nə gizlətmədi və ona hər şeyi danışdı. Eli də dedi: «O, Rəbdir, gözündə nə xoşdursa, onu da etsin». |
19. | Şamuel böyüdü. Rəbb onunla idi və Rəbb onun sözlərindən heç birini boşa çıxartmadı. |
20. | Rəbbin Şamueli peyğəmbər kimi təsdiq etdiyini Dandan Beer-Şevaya qədər bütün İsrail bildi. |
21. | Rəbb yenə Şiloda görünməyə başladı. O Özünü Şamuelə kəlamı ilə göstərmişdi. |
← 1Samuel (3/31) → |