← 1Samuel (21/31) → |
1. | Davud Nov şəhərinə – kahin Aximelekin yanına gəldi. Aximelek qorxudan əsərək Davudu qarşılayıb dedi: «Niyə tənhasan, məgər yanında heç kim yoxdur?» |
2. | Davud kahin Aximelekə dedi: «Padşah mənə iş buyurub dedi ki, səni nə üçün göndərdiyimi və sənə əmr etdiyim işi heç kim bilməsin. Ona görə də nökərləri müəyyən yerlərə təyin etmişəm. |
3. | İndi yanında yeməyə nə var? Mənə beş kömbə çörək yaxud nə varsa, ver». |
4. | Kahin Davuda dedi: «Yanımızda adi çörək yoxdur, ancaq gənclər qadınlarla yaxınlıq etməyiblərsə, müqəddəs çörək var». |
5. | Davud kahinə belə cavab verdi: «Adətə görə mənim adamlarım adi səfərə çıxanda belə, bədənlərini təmiz saxlayır və qadınlarla yaxınlıq etmirlər. O ki qaldı bugünkü səfərə, sözsüz ki hamı pak olmalıdır». |
6. | Kahin ona müqəddəs çörək verdi, çünki Rəbbə təqdim edilən çörəklərdən başqa, çörək yox idi. O çörəklər Rəbbin önündən götürülmüşdü ki, yerinə isti çörəklər qoyulsun. |
7. | O gün Şaulun əyanlarından bir nəfər orada idi. O, Rəbbin önündə olan dini mərasimə görə yubanmışdı. Bu, Şaulun baş çobanı Edomlu Doeq idi. |
8. | Davud Aximelekə dedi: «Burada yanınızda bir nizə yaxud bir qılınc varmı? Çünki padşah mənə təcili iş buyurduğu üçün nə qılıncımı, nə də silahlarımı götürə bildim». |
9. | Kahin dedi: «Ela vadisində öldürdüyün Filiştli Qolyatın qılıncı bezə bükülü olaraq orada – efodun arxasındadır. Əgər onu istəyirsənsə, götür, çünki burada ondan başqası yoxdur». Davud dedi: «Onun əvəzi yoxdur, mənə ver». |
10. | O gün Davud Şauldan qaçdı və Qat padşahı Akişin yanına getdi. |
11. | Akişin əyanları ona dedilər: «Bu öz ölkəsinin padşahı Davud deyilmi? Rəqslərdə qadınlar bunu tərənnüm edib oxumurdularmı? “Şaul qırdı minləri, Davudsa on minləri”». |
12. | Davud bu sözləri ürəyinə salıb Qat padşahı Akişdən çox qorxdu. |
13. | Onların qarşısında görkəmini dəyişdirdi və yanlarında özünü dəli kimi göstərərək darvaza qapısının taylarını cırmaqladı və ağzının suyunu saqqalına axıtdı. |
14. | Akiş əyanlarına dedi: «Bax görürsünüz ki, bu adam dəlidir. Nə üçün onu mənim yanıma gətirmisiniz? |
15. | Mənim dəlilərim əskikdir ki, qarşımda dəlilik etmək üçün bunu da gətirdiniz? Heç belə adam da mənim evimə girərmi?» |
← 1Samuel (21/31) → |